ABŞ Dövlət Departamentindən xarici səfirliklərə diplomatik NOTA
Tarix: 2-07-2022, 16:02
Cümə günü Dövlət Departamenti Vaşinqtondakı xarici səfirliklərə diplomatik nota göndərərək, onları "Birləşmiş Ştatlarda və ya öz ərazilərindən kənarda başqa bir yerdə" öz vətəndaşlarına qarşı repressiyalardan çəkinməyə çağırıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib. Onun xəbərinə görə, bununla bağlı məlumat idarənin saytında yerləşdirilib.
Müəlliflər hər hansı konkret transmilli repressiya hadisəsinə istinad etməsə də, ABŞ administrasiyası keçmişdə xarici hökumətlər tərəfindən bu cür hərəkətlərə qarşı olduğunu bəyan etmişdi.
"Departament bütün missiyaların diqqətini Birləşmiş Ştatlarda və digər ölkələrdə baş verən transmilli repressiyalarla bağlı narahatlığına və onları qınadığına cəlb edir. Bu cür əməllərə hökumətlərin öz ərazilərinin hüdudlarından kənarda olan şəxsləri əsas hüquq və azadlıqlarını dinc şəkildə həyata keçirdiklərinə görə təqib, qorxutma və məcbur etmə vasitəsilə təqib etmək cəhdləri aiddir, deyə məlumatda bildirilir.
Bu yaz dövlət katibinin müavini Uzra Zeya və daxili təhlükəsizlik nazirinin müavini Robert Silvers Vaşinqtonda Amerika diasporasının və digər diasporaların xarici hökumətlər tərəfindən transmilli repressiyaların hədəfinə çevrilən nümayəndələri ilə dəyirmi masa təşkil edib.
İştirakçılar öz təcrübələrini bölüşüblər və transmilli repressiyaların onların özləri və ailə üzvlərinin həyatı üçün mənfi nəticələrindən bəhs ediblər. Onlar həmçinin avtoritar rejimlərin xaricdə olan dissidentləri, fəalları, jurnalistləri necə susdurmağa çalışması barədə təsəvvür yaradıblar.
Azərbaycanın da xaricdəki dissidentlərin təqibi kimi acınacaqlı təcrübəsi var, ən məşhur fakt jurnalist Əfqan Muxtarlının 2017-ci ildə Gürcüstanda oğurlanması, habelə bu yaxınlarda Fransada bloger Məhəmməd Mirzəliyə qarşı törədilmiş hücumlardır.
Dövlət Departamenti 2019-cu il üçün Azərbaycanda insan hüquqları haqqında Məruzəsinə "Ölkə hüdudlarından kənarda olan şəxslərə qarşı siyasi motivli repressiyalar" bölməsinə transmilli repressiyalar haqqında hissə əlavə edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər