Tehranın yazıçı Salman Rüşdiyə edilən silahlı hücuma REAKSİYASI
Tarix: 15-08-2022, 14:03
Tehran yazıçı Salman Rüşdiyə bıçaqlı hücuma görə onun özünü günahlandırır.
Civilazerbaijan.com bildirir ki, avqustun 15-də sözügedən hücuma ilk dəfə reaksiya verən Tehran hadisəylə hər hansı əlaqəsini “qətiyyətlə” təkzib edib.
“NBC News” güc strukturu əməkdaşına istinadla xəbər verir ki, Matarın sosial media hesablarından onun şiə ekstremizminə, İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) rəğbət bəslədiyini göstərir.
Azadlıq Radiosu Azərbaycan-ın məlumatında qeyd olunur ki, İİKK ilə müəyyən bağları olmasa da, ilkin dəyərləndirməyə görə, Hadi Matarın İran hökumətinin bu qrupuna rəğbəti var, rəsmi deyib.
***
“Salman Rüşdi bəşəriyyət anlayışı, bənzərsiz tarix hissiyyatı, qorxudulmaq və ya susdurulmağı rədd etməsi ilə fundamental və universal idealları müdafiə edir. Həqiqət. Cəsarət. Qətiyyət. Qorxmadan fikirləri bölüşmək bacarığı. Bunlar istənilən azad və açıq cəmiyyətin qurulduğu əsaslardır,” ABŞ prezidenti Joe Biden açıqladığı bəyanatda bildirib.
ABŞ-ın Dövlət katibi Antoni Blinken İran dövlət mediasının yazıçı Salman Rüşdiyə hücuma sevinməsini pisləyib.
“İranın dövlət qurumları nəsillər boyu Rüşdiyə zorakılığı təşviq edib və dövlətə bağlı media yazıçıya sui-qəsdə sevinir”, – Blinken avqustun 14-də axşam yaydığı bəyanatda deyir.
“Bu iyrəncdir”, – o, sözlərinə əlavə edib.
BİR GÖZÜNÜ İTİRƏ BİLƏR
Rüşdi avqustun 14-də süni nəfəs aparatından ayrılıb, danışmağa başlayıb. O, iki gün öncə Nyu Yorkun qərb hissəsində bir tədbirdə bıçaq hücumuna məruz qalıb.
Yazıçıya qalmaqallı “Şeytan ayələri” əsərinə görə hücumda ittiham olunan şəxs özünü təqsirli bilməyib. O, qətlə cəhddə, hücumda ittiham olunur, cinayəti “öncədən planlaşdırdığı” bildirilir.
Hakim Hadi Matarın zaminə buraxılmadan həbsdə qalmasına qərar verib.
75 yaşlı Rüşdinin hücum nəticəsində qaraciyəri zədələnib, qolunda əsəb damarlarına, gözünə xəsarət yetirilib. Onun xəsarət alan gözünü itirəcəyi bildirilir.
Rüşdi bəzi müsəlmanların küfr saydığı “Şeytan ayələri” kitabına görə illər boyu ölümlə təhdid olunub.
“BƏDXAH QÜVVƏLƏR”
24 yaşlı Matar “Chautauqua ” İnstitutunda səhnəyə hücum edərək Rüşdini üzündən, boyun və mədəsindən azı 10 dəfə bıçaqla vurmaqda ittiham olunur.
İranda bu hücuma rəsmi reaksiya verilməsə də, bir sıra sərt-xətt tərəfdarı olan qəzetlər hücum edəni alqışlayıblar.
Hadi Matar məhkəmədə hakim qarşısında
“Ədəbi nəhəng olmaqdan savayı, Rüşdi daima universal ifadə, din və inanc, mətbuat azadlıqlarını müdafiə edib”, – Blinken bəyanatında vurğulayıb.
“Hüquq-mühafizə əməkdaşları bu hücumu araşdırdığı bir müddətdə bu hüquqlara, nifrət çıxışı və zorakılığa təşviq daxil olmaqla zərbə vurmağa çalışan bədxah qüvvələr yadıma düşür”, – dövlət katibi bildirib.
PUL MÜKAFATI ARTIRILIB
“Şeytan ayələri” İranda qadağan edilib. 1988-ci ildə nəşr olunandan bir il sonra İranın ozamankı lideri Ayətulla Ruhulla Xomeyni Rüşdinin ölümünə fətva verib.
İran hökuməti özünü Xomeyninin fətvasından kənar tutsa da, ölkədə anti-Rüşdi əhvalı hökm sürüb. 2012-ci ildə İranın yarırəsmi dini fondu Rüşdinin ölümünə görə mükafatı 2.8 milyon dollardan 3.3 milyon dollara qaldırıb.
Fətvadan dolayı uzun illər gizlənməyə məcbur qalan Rüşdi ölüm təhdidini rədd edərək deyib ki, adamların bu mükafatda maraqlı olmasına dəlil yoxdur.
HÜCUMLAR
1991-ci ildə kitabın yapon tərcüməçisi bıçaqlanaraq öldürülüb, italyan tərcüməçi isə bıçaqlı hücumdan sağ çıxıb. 1993-cü ildə kitabın norveçli naşiri üç dəfə güllələnsə də, sağ qalıb.
İranın indiki ali dini lideri Ayətulla Əli Xameneyi ölüm fətvasını ləğv etməsə də, son illər İranda Rüşdiyə o qədər də diqqət ayrılmayıb.
Hindistan doğumlu Rüşdi Britaniya və ABŞ vətəndaşıdır, 2000-ci ildən Nyu Yorkda yaşayır.
Hadi Matar isə ABŞ-da doğulub, valideynləri Livanın cənubundakı Yarun kəndindən mühacirət ediblər.
“AP” həmin kənddə İranın dəstəklədiyi Hizbulla şiə yaraqlı qrupunun bayraqlarının, qrupun lideri Həsən Nəsrullanın, Xameneyi, Xomeyni, İranın qətlə yetirilmiş generalı Qasım Süleymaninin portretlərinin asıldığını xəbər verib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər