Ukraynada Zelenskinin Quttereş və Ərdoğanla görüşü başa çatıb - NƏTİCƏ
Tarix: 18-08-2022, 21:01
BMT-nin Baş katibi Antonio Quttereş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 iyul tarixində Ukraynanın qərbində Lviv şəhərində ölkə prezidenti Volodimir Zelenski ilə görüş keçiriblər. Görüşdən öncə verilən məlumatlara əsasən gündəlikdə qlobal qida böhranı, nüvə stansiyası ilə bağlı təhlükə və Rusiya tərəfindən başladılmış müharibəyə siyasi həllin tapılması olub.
Civilazerbaijan.com bildirir ki, Ukrayna prezidenti BMT Baş katibi və Türkiyə prezidenti ilə görüşdən sonra bəyan edib ki, BMT Rusiya qoşunları tərəfindən işğal edilmiş ərazidə yerləşən Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyini təmin etməlidir.
“Rusiyanın Zaporojye AES-ində həyata keçirdiyi nüvə şantajına xüsusi diqqət ayrıldı. Bu, aqressor tərəfindən dünya üçün qlobal faciə ilə nəticələnə biləcək düşünülmiş terrordur” – deyə, Zeleski görüşdən sonra Telegram səhifəsində yazıb. Onun sözlərinə görə, “BMT bu strateji sahənin təhlükəsizliyini, onun demilitariziyasını və rus qoşunların tam azad olunmasını təmin etməlidir.”
Ərzaq böhranını azaltmaq yolunda səylər davam edir. BMT və Türkiyənin iyulun sonunda vasitəçilik etdiyi Rusiya-Ukrayna razılaşmasına əsasən Ukrayna ixracatını daşıyan gəmilər artıq yola düşüb.
Quterreş cümə günü Odessa limanına, şənbə günü isə Rusiyanın tələbi ilə gələn və gedən gəmilərin yoxlanılması da daxil olmaqla, ixrac sisteminə nəzarət edən Birgə Koordinasiya Mərkəzini ziyarət etmək üçün İstanbula gedəcək.
Mərkəz təftiş qruplarının bu həftə Ukraynanı tərk edən dörd gəmidə cümə axşamı yoxlama aparacağını deyib.
Bunlara Türkiyəyə qarğıdalı daşıyan “Osprey S”, Türkiyəyə buğda yükü daşıyan “Ramus”, Cibutiyə buğda daşıyan “Brave Commander” və Cənubi Koreyaya qarğıdalı daşıyan “Bonita” gəmiləri daxildir.
Ukraynaya gedən daha 4 gəminin yoxlanılması planlaşdırılır. Rusiya ölkəyə gələn gəmilərin Ukrayna qüvvələri üçün silah daşınmamasını təmin etməyə çalışır.
Çərşənbə günü daha üç gəmi Ukraynanın Qara Dəniz limanlarından yola düşüb. Koordinasiya Mərkəzinin bildirdiyinə görə, 8 min ton qarğıdalı daşıyan “Sara” və 7,250 ton günəbaxan yağı daşıyan “Efe” gəmisi Odessa limanından Türkiyəyə istiqamət götürüb.
Koordinasiya mərkəzinin bildirdiyinə görə, 18500 ton günəbaxan unu ilə yüklənmiş “Petrel S” Çornomorsk limanını tərk edərək, Amsterdama istiqamət alıb, Amerikanın Səsinin məlumatında qeyd olunur.
İxrac başlanandan, avqustun 1-dən bəri Ukraynanı 24 gəmi tərk edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər