Zelenskinin Rusiya ilə danışıqlar üçün YEGANƏ ŞƏRTİ

Xəbərin çap versiyası
Tarix: 19-08-2022, 14:10


Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreşin iştirakı ilə üçtərəfli formatda görüşdən sonra qeyd edib ki, Rusiya ilə dialoq yalnız işğalçı qoşunların Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün olacaq.

Civilazerbaijan.com
bildirir ki, bu barədə o, avqustun 18-də Lvovda görüşdən sonra açıqlama verib.

Bununla yanaşı, Türkiyə prezidentinin bəyan etdiyi kimi, görüşün nəticələrinə görə, həm Zelenski, həm də Quterreş Ukraynada müharibənin danışıqlar masası arxasında başa çatdırılması ilə razılaşırlar.

“Əsas məsələ danışıqlar masasına gedən yolu müəyyənləşdirməkdir", - prezident deyib.

Zelenskinin sözlərinə görə, Ərdoğan görüş zamanı bildirib ki, Ukrayna taxılının ixracı təşəbbüsü müharibəyə son qoyacaq razılaşmalar üçün “diplomatik pəncərə” yaradır.

“Mən Türkiyə Prezidentinə dedim ki, Rusiya Federasiyasına inam yoxdur. Əminəm ki, rus silahları bu “pəncərə”dədirlər. Mən onların (RF) hansısa sülhə hazır olduqlarını eşidəndə çox təəccübləndim. Hər gün öldürən, zorlayan, şəhərlərimizi raketlərlə bombalayan insanlar sülh istəyə bilməzlər. Ona görə də, mənə elə gəlir ki, əvvəlcə ərazilərimizi azad etməlidirlər, sonra isə... Sonra sonra olacaq”, - deyə Ukrayna Prezidenti bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba üçtərəfli görüşün yekunlarına əsasən bildirib ki, “heç kim Ukraynanı Rusiyanın xeyrinə güzəştə getməyə inandırmayıb”.

Onun sözlərinə görə, üçtərəfli görüşdə davamlı sülhə nail olmaq üçün İstanbul taxıl razılaşması ilə bağlı müsbət atmosferdən istifadə olunması nəzərdən keçirilib.

Lakin Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Farhan Hak Lvovda bugünkü danışıqların yekunları ilə əlaqədar qeyd edib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı Kiyev və Moskva arasında danışıqlara hələ çox var.

Qeyd edək ki, bu yaxınlarda prezident Zelenski bildirib ki, Rusiya ilə danışıqlar dialoq deyil, Rusiya tərəfindən ultimatumdur, işğal olunmuş ərazilərdə "referendumlar" keçiriləcəyi təqdirdə isə Ukrayna ilə danışıqlar Moskva üçün qapanacaq.

Xatırladaq ki, bu gün Potoçki sarayında (Lvov) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreşin iştirakı ilə üçtərəfli formatda görüş keçirilib. Görüş mətbuat üçün qapalı rejimdə keçirilib və 40 dəqiqə davam edib.

Turanın məlumatında qeyd olunur ki, görüşdə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və prezidentin mətbuat katibi İbrahim Kalın iştirak ediblər.

Anons edilmişdi ki, görüşdə Ukrayna-Rusiya müharibəsinə diplomatik yolla son qoyulması üçün atılacaq addımlar müzakirə ediləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz