Duqinin qızını biz öldürdük - BƏYANAT
Tarix: 22-08-2022, 14:44
“Milli Respublika Ordusu” rusiyalı politoloq Aleksandr Duqinin qızı Darianın qətlini öz üzərinə götürüb.
Civilazerbaijan.com bildirir ki, bu barədə 2016-cı ildən Ukraynada yaşayan keçmiş rusiyalı deputat İlya Ponomarev açıqlama verib.
O, "Утро Февраля" nəşrinə “Milli Respublika Ordusu”nun bəyanatını oxuyub: “Biz, rusiyalı fəallar, hərbçilər və siyasətçilər, indi Milli Respublika Ordusunun partizanları və döyüşçüləri, Rusiya xalqlarının müharibə qızışdırıcılarını, soyğunçularını və zülmkarlarını qanundankənar hesab edirik! Biz Prezident Putini hakimiyyəti qəsb edən və Konstitusiyaya düzəlişlər edən, slavyan xalqları arasında qardaş qırğınına səbəb olan və rus əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkar sayırıq”.
Bəyanatda qeyd olunub ki, hüquqlarından məhrum edilmiş insanların tiranlara qarşı üsyan etmək hüququ var.
“Putin bizim tərəfimizdən devriləcək və məhv ediləcək! Məqsədimiz Rusiyanın və onun qonşularının məhvini dayandırmaq, xalqımızın sərvətini talamış, bu gün ölkə daxilində və xaricində cinayətlər törədən bir ovuc Kreml iş adamlarının fəaliyyətini dayandırmaqdır. Biz Rusiya hökumətinin və vilayət administrasiyalarının məmurlarını qəsbkarın ortaqları elan edirik – səlahiyyətlərini tərk etməyənlər məhv ediləcək”.
İlya Ponomarev
“Milli Respublika Ordusu” Putinin hakimiyyətə gələn zaman Rusiyada evlərin partladılmasını xatırlayaraq əlavə edib ki, mövcud rejim ən ağır cinayətlərin heç birində dayanmayacaq:
“Bəyan edirik ki, ancaq bu gücə malik olan şəxslərə qarşı tədbirlər həyata keçiririk. Mülki obyektlərə, mülki şəxslərə hücum etməyəcəyik. Əgər Putinin təhlükəsizlik qüvvələri belə təxribatlar törədəcək və qurbanları bizə aid edəcəksə, inanmayın! Rusiya ordusunun əsgərlərini başqa ölkələrdən – Gürcüstandan, Suriyadan və digər ölkələrdən olan qardaşlarımıza atəş açmağı dayandırmağa çağırırıq”.
“Bütün rusları sıralarımıza qoşulmağa və Putin hakimiyyətinin rüsvay etdiyi üçrəngli bayrağın əvəzinə yeni Rusiyanın ağ-göy-ağ bayrağını qaldırmağa çağırırıq. Mübarizəyə hazır olanları bizdən nümunə götürməyə və bu qeyri-insani, ikiüzlü, xalqa qarşı olan rejimi devirməyə çağırırıq! Nə milliyyəti, nə də vətəni olmayan, yalnız pulu və hakimiyyəti sevənlərin müharibə cinayətləri törətdiyinə görə rusların bütün dünyada böhtan atmağa başlamasını qəbuledilməz hesab edirik. Dünya Rusiyanın düşməni deyil, Rusiya da bəşəriyyətin düşməni deyil və biz bunu əməlimizlə sübut edəcəyik. Qələbəmizdən sonra biz Putin hakimiyyəti tərəfindən qanunsuz olaraq məhkum olunmuşların hamısını dərhal azad edəcəyik. Biz Rusiyada yaşayan bütün xalqlara azadlıq verəcəyik və yeni cəmiyyət quracağıq – oliqarxsız, korrupsiyasız, məmur özbaşınalığı olmayan, yoxsulluğu alçaltmayan cəmiyyət”, – deyə bəyanat bu fikirlərlə yekunlaşır.
Avqustun 20-də rusiyalı politoloq Aleksandr Duginin qızı Daria Dugina avtomobilinin partlaması zamanı həlak olub. Hadisənin Daria Duginanın saat 21-də “Tradition” festivalından qayıdarkən baş verdiyi bildirilir.
Daria Dugina
Moskva vilayətində naməlum şəxslər 1992-ci il təvəllüdlü Daria Duginanın idarə etdiyi “Land Cruiser Prado” markalı avtomobili partladıblar. Hakim Vahid Rusiya Partiyasının deputatı Oleq Morozov Daria Duginanın qətlində Ukrayna hakimiyyətini ittiham edib.
Rusiya İstintaq Komitəsi avqustun 21-də Daria Duginanın öldüyü cinayət hadisəsinin əvvəlcədən və sifarişlə planlaşdırıldığını bildirib.
Toplum TV-nin məlumatına görə, Komitə qeyd edib ki, hazırda Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə müstəntiqlər hadisə yerinə baxış keçirirlər: “O cümlədən, partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə yanmış avtomobilə baxış keçirilib, sonradan avtomobil xüsusi dayanacağa təxliyə edilib”.
Aleksandr Dugin qızı Darianın ölümündən sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər