ABŞ Senatının komitəsi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb

Xəbərin çap versiyası
Tarix: 8-12-2022, 17:06


Çərşənbə günü ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Ukraynada soyqırım haqda qətnaməni təsdiqləyib və bununla Senatda qətnamənin səsverməyə çıxarılmasına yol açıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

“Putinin qanunsuz və əsassız müharibəsi zamanı Ukrayna xalqına qarşı törədilən cinayətlər saysız-hesabsız beynəlxalq konvensiyalara ziddir və yalnız soyqırım kimi xarakterizə edilə bilər”, - ABŞ Helsinki Komissiyasının sədri, senator Ben Cardin bildirib.

“Putin öz hərəkətləri və sözlərilə məqsədinin Ukrayna xalqını silmək olduğunu açıq şəkildə göstərib. Mən onun İrpində və Kiyev vilayətində qəddarlığını öz gözlərimlə gördüm”, - Senatın Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, senator Cim Riş bildirib.

“Bu qətnamə Ukrayna xalqına qarşı soyqırımı pisləyir, ABŞ hökumətini gələcək soyqırım aktlarının qarşısını almaq üçün müttəfiqlərimizlə işləməyə çağırır və bu dəhşətli cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün araşdırmaları dəstəkləyir. Biz Ukrayna xalqını yaşamaq uğrunda mübarizəsində dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə davam etməliyik”, - o deyib.

Qətnamədə qeyd edilir ki, Senat:

*Ukrayna xalqına qarşı soyqırım aktları törətdiyinə görə Rusiyanı pisləyir;

*ABŞ, NATO və Avropa İttifaqı üzrə müttəfiqlərilə birlikdə Ukrayna xalqına qarşı növbəti soyqırım aktlarının qarşısının alınması üçün Ukrayna hökumətini dəstəkləməyə çağırır;

*Təcavüzkar müharibə, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırım cinayətlərinə görə Rusiya siyasi liderlərinin və hərbi qulluqçuların məsuliyyətə cəlb edilməsi üçün tribunalları və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir;

*Prezident Co Baydeni Rusiya Federasiyasının Ukraynada törətdiyi soyqırıma görə məsuliyyət daşıyan və ya onda əli olanlara qarşı qlobal sanksiyalar tətbiq etməyə çağırır.


Hazırda Rusiyanın Ukraynada törətdiyi sistemli hərbi cinayətlər aşağıdakı ölkələrin parlamentləri tərəfindən soyqırım kimi tanınıb: Ukrayna, Çexiya, Kanada, Estoniya, Latviya və digərləri.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz