Dövlət Departamenti: İran rejiminin itkiləri artacaq
Tarix: 10-01-2023, 13:13
Bazar ertəsi Bayden Administrasiyası bildirib ki, İran rejimi Ukraynadakı cinayətlərinə görə Moskva ilə ittifaqın nəticələri ilə üzləşəcək.
Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.
"İran rejiminin itkiləri artacaq", deyə mətbuat katibi Ned Prays bazar ertəsi brifinqdə Turan-ın suallarına cavabda bildirib.
Praysın şərhləri İranda ötən ilin sonlarında hökumət əleyhinə nümayişlərdə iştirak edən iki gəncin - Məhəmməd Mehdi Kərəmi (idmançı) və Seyid Məhəmməd Hüseyninin (fəhlə) həftə sonu asılmasından sonra səslənib.
"İran gənclərini, qadınlarını və qızlarını dinləmək yerinə rejim onları susdurmağa çalışır və hətta öldürür", deyə Prays bildirib.
Praysın sözlərinə görə, Vaşinqton İranın Ukraynadakı hərbi cinayətlərdə iştirakını tədqiq edir.
Bir müddət əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib ki, İran Rusiyaya PUA-lar tədarük etməklə, hərbi cinayətlərdə iştirak edir.
ABŞ artıq hərbi cinayətləri araşdıran Ukrayna müstəntiqlərinə və beynəlxalq müstəntiqlərə vəsait ayırır.
"Araşdırma bütünlükdə İran hökumətinin və ya yüksək vəzifəli İran məmurlarının Ukraynada hərbi cinayətlərdə iştirak etdiyini və ya onlara görə məsuliyyət daşıdığını müəyyən edərsə, biz onları məsuliyyətə cəlb edəcəyik", deyə Ned Prays qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər