Volodimir Zelenskinin ruslara MÜRACİƏTİ

Xəbərin çap versiyası
Tarix: 16-01-2023, 13:06


Yanvarın 16-da Moskva və Minsk hava qüvvələrinin birgə təlimlərinə başlayıblar. Belarus təlimlərin müdafiə xarakterli olduğu bildirsə də, bu xəbər Moskvanın Minski Ukraynadakı müharibəyə cəlb etməsi sarıdan narahatlıqların artması fonunda yayılıb.

Civilazerbaijan.com
bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski isə müharibənin 326-cı gününün yekunlarına dair videomüraciətində rus dilinə keçərək Dneprdə doqquzmərtəbəli yaşayış binasına raketin endirilməsi ilə bağlı Rusiya Federasiyası vətəndaşlarına müraciət edib.

"Mən Rusiyada və Rusiyadan kənarda olanların hamısında demək istəyirəm ki, belə bir anda da bu terroru qınayan bir neçə kəlmə belə deyə bilməyiblər... Halbuki onlar hər şeyi aydın görür və bilirlər...

Qorxaqcasına susmağınız, “gözləyək, görək nə olur” cəhdiniz ancaq bir gün bu terrorçuların sizin üzərinizə gəlməsi ilə yekunlaşacaq.

Şər qorxaqlığa çox həssasdır. Şər həmişə ondan qorxanları və ya sövdələşməyə çalışanları xatırlayır. Və o sizin dalınızca gəldikdə, sizi qoruyacaq heç kim olmayacaq", - deyə o bildirib.

Qeyd edək ki, Dneprdə doqquz mərtəbəli yaşayış binasına atılan raket nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib. Onun sözlərinə görə, ölənlər arasında iki uşaq da var. 39 nəfər xilas edilib. Daha 75 nəfər, o cümlədən 14 uşaq yaralanıb.

35 nəfər itkin düşmüş hesab olunur. Xilasedicilər dağıntılar altında axtarışları davam etdirirlər.

Rusiyanın yeni hücumlarının dəf olunduğu bildirilir

Ukrayna ordusunun yanvarın 16-da yaydığı məlumata görə, ölkənin şərqində Rusiyanın yeni hücumları dəf olunub. Luqansk və Donetsk vilayətlərində Ukraynanın mövqelərinin Rusiya qüvvələri tərəfindən hədəfə alındığı bildirilir. ABŞ isə Almaniyada Ukrayna qüvvələri üçün genişləndirilmiş döyüş təlimi proqramının başlandığını açıqlayıb.

Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 15-də Ukrayna qüvvələri strateji Baxmut şəhərindən şimalda yerləşən Soledarda “mövqelərini demək olar saxlayıb”. Həftəsonu orada intensiv döyüşlərin getdiyi deyilir.

Ukrayna ordusu Rusiya qüvvələrinin Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərində də enerji və mülki infrastrukturu hədəfə alındığını açıqlayıb.

ABŞ-nın Birləşmiş Qərargahlar başçısı general Mark Milli (Mark Milley) deyib ki, yanvarın 15-də Almaniyada Ukrayna qüvvələri üçün kompleks döyüş təlimi proqramı başlanıb.

Millinin dediyinə görə, proqram irimiqyaslı döyüşlərə fokuslanır, məqsəd növbəti 5-6 həftə ərzində 500-dək ukraynalı əsgərə təlim keçərək onların döyüşə qayıtmasıdır.

İndiyədək Birləşmiş Ştatlar azı 3 min 100 ukraynalı əsgərə müəyyən silah sistemlərindən, o cümlədən qaubitsa, zirehli texnika, HIMARS-lardan istifadə və onlara qulluqla bağlı təlim keçib. Digər Qərb müttəfiqləri də Kiyevə verdikləri silahlar üzrə təlim keçirlər.

Paytaxt Kiyev də vurulur

Ukrayna ordusu doqquzmərtəbəli binaya X-22 raketilə zərbə endirildiyini bildirir. Azı 1100 nəfərin yaşadığı binanın girişi tamamilə dağılıb.

Ukrayna hərbi komandanlığının yanvarın 15-də yaydığı məlumata görə, bir gün öncə Rusiya üç hava reydi, 57 raket zərbəsi, 69 hücum gerçəkləşdirib.

Yanvarın 14-də Dneprdən başqa qərbi Lvov və İvano-Frankovsk regionlarına, Odessa və Xarkov vilayətlərinə, eləcə də paytaxt Kiyevə zərbələr endirilib.

Kiyevin şimaldan ballistik raketlərlə vurulduğu bildirilir.

Silahlı qüvvələrin baş komandanı General Valeri Zalujninin dediyinə görə, Rusiya yanvarın 14-də 33 qanadlı raket atıb və onun 21-i Ukrayna havadan müdafiə sistemləri tərəfindən vurulub.

Soledarla bağlı iddialar

Strateji Soledar şəhərinin kimin nəzarətində olmasıyla bağlı qeyri-müəyyənlik qalır.

Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də deyib ki, Soledar onun əsgərlərinin nəzarətindədir. “Döyüşdə pozitiv dinamika var. Hər şey plan üzrə gedir”, – o, sözlərinə əlavə edib.

Ukrayna ordusu isə Rusiyanın iddialarını rədd edərək Soledarın içində və ətrafında qızğın döyüşlər getdiyini bildirir.

Bu arada Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya tank və artilleriya sistemləri veriləcəyini açıqlayıb.

Sunak yanvarın 14-də Zelenski ilə danışandan sonra Ukraynaya “Challenger 2” tankları və digər artilleriya sistemləri veriləcəyini bildirib.

Rusiya Sunakın bəyanatını pisləyib. Rusiyanın Londondakı səfirliyi Twitter-də yazıb ki, bu, “döyüş əməliyyatlarını gücləndirəcək”.

Yanvarın 20-dən sonra

Britaniya Müdafiə Nazirliyi rəsmilərinin dediyinə görə, yanvarın 20-də Almaniyada Ukraynanın donor ölkələrinin görüşündə bu ölkəyə 12 əsas döyüş tankının göndəriləcəyi rəsmən açıqlanacaq.

Dörd “Challenger 2” tankının dərhal, səkkizinin az sonra göndəriləcəyi bildirilir.

Rusiya 11 ay öncə səbəbsiz işğala başlayandan Ukrayna Avropa və NATO müttəfiqlərindən, o cümlədən Çex Respublikası və Polşadan T-72 sovet dövrü tanklarının yüzlərlə modernləşdirilmiş versiyalarını alıb, Azadlıq Radiosunun məlumatında qeyd olunur.

Ancaq Kiyevin xahişlərinə baxmayaraq, ona Britaniyanın “Challenger 2”, yaxud Almaniyanın “Leopard 2” tanklarına oxşar silah verilməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz