Ararat Mirzoyan Türkiyəyə səfər edib
Tarix: 15-02-2023, 13:29
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilir ki, Mirzoyanı hava limanında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb. Ermənistanın nümayəndə heyətində iki ölkə arasında danışıqlarda Yerevanın xüsusi nümayəndəsi olan Ruben Rubinyan da yer alıb.
Səfər zamanı Mirzoyanın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşü, daha sonra nazirlərin birgə bəyanatla çıxış edəcəyi gözlənilir.
Bundan sonra Mirzoyan təbii fəlakətdən ən çox zərər çəkmiş rayonlardan birinə, erməni xilasedilərinin axtarış-xilasetmə əməliyyatları apardığı Adıyamana səfər edəcək.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Mirzoyanın Türkiyəyə səfərinə münasibət bildirib.
“Bu, köməyə ehtiyacı olan qonşuya dəstək vermək qərarından sonra tarixi səfərdir. Ümid edirik ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının əlamətidir”, - deyə o, "Tvitter"də yazıb.
Toplum TV-nin məlumtında qeyd olunur ki, fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub. Son rəsmi statistikaya əsasən, zəlzələ nəticəsində indiyədək 35, 418 nəfərin öldüyü, 105, 505 nəfərin isə yaralandığı məlum olub.
Zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan 10 vilayətdə fövqəladə vəziyyət elan edib və onun 3 ay ərzində qüvvədə olacağını açıqlayıb.
Prezident onu da bildirib ki, ölkəsi dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzədir.
Fevralın 6-da Türkiyə ilə yanaşı Suriyada da zəlzələ baş verib. Son məlumatlara görə, orada da həlak olanların sayı 6500-ü keçib, həmçinin minlərlə insan yaralanıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər