Çinin Ukrayna ilə bağlı SÜLH PLANI
Tarix: 24-02-2023, 16:29
Estoniyanın paytaxtı Tallində səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Çinin Ukraynada atəşkəslə bağlı təklifinə münasibət bildirib. Onun sözlərinə görə, Pekin vasitəçi kimi o qədər də etibara malik deyil.
Civilazerbaijan.com bildirir ki, Reutersin məlumatına görə, Stoltenberqlə yanaşı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen məsələyə münasibət bildirib.
Ursula von der Leyen Çinin atəşkəs planını yox, bəzi prinsipləri bölüşdüyünü deyib:
“Siz bu planı konkret fonda görməlisiniz. Bu, Çinin işğaldan əvvəl Rusiya ilə dostluq müqaviləsi imzalayaraq artıq tərəfini tutduğu fondur. Biz, təbii ki, prinsiplərə baxacağıq, amma bunu Çinin Rusiyanın tərəfini tutduğu fonda edəcəyik”.
Çin Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq planını bu gün, fevralın 24-də təqdim edib.
Pekin planında beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq bütün ölkələrin suverenliyinə hörmət etməyə çağırır və ərazi bütövlüyünə zəmanət verməkdə israrlıdır.
Pekin həmçinin “soyuq müharibə” mentalitetindən imtinanın zəruriliyini vurğulayır, ayrı-ayrı ölkələrin təhlükəsizliyinə ciddi yanaşmağa və "qarşıdurmaların yaranmasına imkan verməməyə çağırır”.
Pekinin planına görə, tərəflər atəşi dayandırmalı, sülh danışıqlarına başlamalı və humanitar böhranı aradan qaldırmalıdır.
Çinin planına həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehsal və tədarük zəncirlərinin sabitliyi, habelə nüvə stansiyalarının qorunması zərurəti ilə bağlı maddələr daxildir.
Toplum TV-nin məlumatında qeyd olunur ki, Pekin həmçinin yenə də birtərəfli sanksiyalara son qoymağa çağırıb.
Ukrayna prezidenti Volodimir Zelenski Pekinin planından xəbərdar olduğunu, lakin təfərrüatları ilə tanış olmadığını bildirib. "Agence France-Presse" yazır ki, Pekin sənədi hazırlayarkən Ukrayna ilə məsləhətləşməyib. Buna baxmayaraq, Zelenski Çinin Ukraynaya marağını müsbət qiymətləndirib və Kiyevin Pekinə görüş üçün sorğu göndərdiyini bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər