Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb

Xəbərin çap versiyası
Tarix: 31-03-2023, 13:42

Foto: Maselans magasine

Nyu-Yorkda böyük münsiflər məhkəməsi keçmiş prezident Donald Trampa 2016-cı il prezident seçkisi kampaniyası zamanı porno ulduz Stormi Danielsə pul ödəməklə əlaqədar ittiham irəli sürüb.

Civilazerbaijan.com
bildirir ki, bu çox gözlənilən ittihamlar, Trampın 2020-ci ildə məğlub olandan sonra yenidən Ağ Evə namizədliyini irəli sürdüyü bir vaxta təsadüf edir və bununla da o, ittiham irəli sürülən həm yeganə keçmiş prezident, həm də prezidentliyə namizəd olur.

Trampa qarşı ittihamların təfərrüatları məlum deyil, çünki ittiham aktı hələ ki, açıqlanmayıb. Ancaq onlar Manhetten dairə prokurorunun Trampın ozamankı vəkili Mayk Kohenin Danielsə onun Trampla iddia olunan cinsi münasibəti ilə bağlı səssiz qalması üçün edilən 130 min dollarlıq ödənişlə əlaqədar araşdırmasından irəli gəlir.

Kohen ödənişi Trampın göstərişi ilə etdiyini və daha sonra Trampın daşınmaz əmlak şirkəti olan “Trump Organization” tərəfindən “hüquqi” xidmətlərə görə kompensasiya edildiyini bildirib.

Susmaq üçün pul ödəmək qanunsuz olmasa da, federal prokurorlar iddia edir ki, ödənişi “hüquqi” xidmət ödənişi kimi göstərmək federal seçki kampaniyasının maliyyə qanunlarını pozub.

Kohen 2018-ci ildə Daniels və MakDuqala ödənişlərin təşkil olunmasındakı rola görə seçki kampaniyasının maliyyə qanunlarını pozmaqda günahkar olduğunu etiraf edib və daha sonra bir ildən çox həbsdə qalıb.

Nyu York qanunlarına əsasən, biznes qeydlərinin saxtalaşdırılması adətən yüngül qanun pozuntsudur. Amma başqa cinayət törətmək və ya gizlətmək niyyəti ilə edildikdə, dörd ilə qədər həbs cəzası nəzərdə tutulan ağır cinayət hesab edilir.”

Dairə prokurorluğunun sözçüsü şərh istəyinə dərhal cavab verməyib.

Ödənişlə bağlı araşdırma aparan böyük münsiflər məhkəməsinin önündə ifadə verən Kohen açıqlamasında Trampa qarşı sürülən ittiham aktını təsdiqləyib.

Tramp bu işdə hər hansı qanun pozuntusunu rədd edib. O, bəyanatında ittiham aktını “siyasi təqib və tarixin ən yüksək səviyyəsində seçkiyə müdaxilə” adlandırıb.

“Demokratlar “Trampı tutun” vəsvəsəsi ilə yalan danışıblar, fırıldaqçılıq ediblər, oğurluq ediblər, ancaq indi ağlasığmaz şeyi etdilər - seçkiyə açıq müdaxilə hərəkəti ilə tamamilə günahsız bir şəxsi ittiham etdilər,” sabiq prezident yazıb.

Tramp Kohenə ödəniş üçün kompensasiya verdiyini etiraf etsə də, bunun “kampaniya ilə heç bir əlaqəsinin” olmadığını deyib və Demokrat Nyu York prokurorunu siyasi motivli “ifritə ovu” aparmaqda günahlandırıb.

İttiham aktını gözləyən Tramp ötən cümə günü ittiham olancağı halda “mümkün ölüm və dağıntı” barədə xəbərdarlıq edib. O, şənbə günü Texasın Vako şəhərində mitinq keçirib və tərəfdarlarına barəsində “cinayət, yüngül qanun pozuntusu, evli ikən başqası ilə münasibət olmayan bir şeyə” görə araşdırma aparıldığını deyib.

Səlahiyyətlilərə təslim olmaq

Sabiq prezident bu yaxınlarda bir neçə gün ərzində “həbs olunacağını” deyəndən və tərəfdarlarını etiraz etməyə çağırandan sonra ittihamların irəli sürüləcəyi gözlənilirdi.

Ancaq ona məhkəmə zalında rəsmi ittiham irəli sürülmədən öncə, onun nə vaxt və necə həbs olunacağı dərhal bəlli deyildi.

Trampın vəkili Co Takopina bu yaxınlarda deyib ki, sabiq prezident Nyu Yorkda hüquq-mühafizə orqanlarına təslim olmaqdan imtina etməyəcək.

Nyu Yorkda ağ yaxalı cinayətdə təqsirləndirilən şəxslər səlahiyyətlilərə təslim olmaq üçün bir vaxt üzərində razılığa gələ bilərlər.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, Floridada yaşayan Tramp təslim olmaq üçün Nyu Yorka getməli olacaq.

Polisin nəzarətinə alınandan sonra isə onun standart prosedurlara uyğun olaraq barmaq izləri alınacaq və şəkilləri çəkiləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz