Sinan Oğan şərtlərini açıqlayıb

Xəbərin çap versiyası
Tarix: 16-05-2023, 12:26


Türkiyə prezident seçkilərində "Ata İttifaqı"nın namizədi olan Sinan Oğan müəyyən vədlər qarşılığında ikinci turda ya Ərdoğanı, ya da Kılıçdaroğlunu dəstəkləməyə hazır olduğunu bildirib.

Civilazerbaijan.com
bildirir ki, Oğan bu barədə ölkəsinin mətbuatına açıqlamasında bildirib.

"Bizim bəzi ilkin şərtlərimiz var", - Oğan deyib. Onun sözlərinə görə, bu şərtlərlə razılaşanlara müqavilə imzalamağı və sonra onu tam təfərrüatı ilə ictimaiyyətə açıqlamağı təklif edəcək.

Oğan xüsusilə vurğulayıb ki, "Ata İttifaqı"nın dəstəyini almaq üçün ölkədə dünyəvi prinsiplərin prioritetliyi barədə təminat verilməlidir. Bundan əlavə, seçkinin qalibi terrorla mübarizəyə rəhbərlik etməli, suriyalı və digər qaçqınların evlərinə qayıtmasını təmin etməlidir.

Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində 5,29 faiz səs yığan Sinan Oğan Prezident Tayyib Ərdoğanla "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu arasındakı yarışda ciddi rol oynaması ilə diqqət çəkib.

Müşahidəçilər Sinan Oğana gedən səslərin ikinci turda həlledici olacağını bildirir.

Toplum Tv-nin məlumatında qeyd olunur ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Qeyd edək ki, 1967-ci ildə Iğdırda anadan olan Sinan Oğan 1989-cu ildə Marmara Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib.

Daha sonra 2009-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində MDBMİ-də beynəlxalq münasibətlər və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

1992-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası Biznesin İdarəedilməsi fakültəsinin dekan müavini və müəllim vəzifələrində çalışıb. Həmin dövrdə o, eyni vaxtda TİKA-nın Azərbaycan nümayəndəsi vəzifəsini icra edib. (TİKA-Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi)

O, 2004-cü ildə strateji təhlil və beyin mərkəzlərindən biri olan TÜRKSAM-ı təsis edib. Oğan hələ də TÜRKSAM-ın prezidenti vəzifəsini davam etdirir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz