Putinin nüvədən istifadə təhlükəsi realdır - BAYDEN
Tarix: 20-06-2023, 13:52
ABŞ prezidenti Co Bayden (Joe Biden) Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə zamanı taktiki nüvə silahından istifadəyə göstəriş verə biləcəyi təhlükəsini "real" adlandırıb.
Civilazerbaijan.com bildirir ki, "Reuters"in məlumatına görə, bunu C.Bayden iyunun 19-da Kaliforniya ştatında seçki kampaniyasının sponsorları ilə görüşdə bəyan edib.
"İki il əvvəl Kolorado çayının quruya biləcəyindən narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxdı. Putinin taktiki nüvə silahından istifadə edə biləcəyindən narahat olduğumu deyəndə də mənə belə baxırdılar. Ancaq bu, realdır", - Bayden deyib.
Son bir ildə ABŞ-ın cənub-qərbi üçün əsas içməli su mənbəyi olan Kolorado çayının quruması ilə bağlı proseslər kəskinləşib. Bu, iqlim dəyişikliyi ilə izah edilir. ABŞ-ın bir neçə ştatı sudan istifadəni azaltmaq üçün bu il görünməmiş tədbirlərə başlayıb.
İyunun 17-də C.Bayden Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsini kəskin tənqid edərək bu addımı "tamamilə məsuliyyətsizlik" adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi də nüvə silahlarının Belarusda qeyri-müəyyən müddətə yerləşdiriləcəyini bildirib.
Xirosimaya atılandan üç dəfə güclü
Bundan əvvəl ABŞ ordusu və administrasiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar, hələlik, Rusiyanın nüvə zərbəsinə hazırlaşmasının əlamətlərini görmürlər. Onlar əlavə ediblər ki, ABŞ nüvə qoşunlarının döyüş hazırlığı səviyyəsini dəyişmək niyyətində deyillər.
Rusiya prezidenti Vladimir Putin bugünlərdə Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, ölkəsi öz doktrinasına uyğun olaraq - "dövlətin mövcudluğuna təhlükə yaranarsa", nüvə silahından istifadə edə bilər.
Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, C.Bayden qitələrarası zərbələr üçün istifadə oluna bilən strateji nüvə silahından deyil, məhz taktiki silahdan - nisbətən kiçik gücə malik başlıqdan danışıb. Bununla belə, taktiki nüvə silahı da böyük dağıdıcı gücə malikdir.
Aleksandr Lukaşenkonun sözlərinə görə, Belarusda yerləşdirilən Rusiya nüvə başlıqları 1945-ci ildə ABŞ-ın Xirosimaya atdığı bombadan üç dəfə güclüdür.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər