Rəsmi Kiyev şərqdə və cənubda uğur qazandığını bildirir

Xəbərin çap versiyası
Tarix: 9-10-2023, 13:02


Ukrayna ordusu ölkənin şərqində və cənubundakı Donetsk və Zaporojye vilayətlərində müəyyən uğur qazandığını iddia edir.

Civilazerbaijan.com
bildirir ki, region rəsmiləri isə son bir sutka ərzində Rusiya zərbələrindən dinc şəxslər arasında qurbanların olduğu haqqında məlumat verib.

"(Baxmutdan cənubda) Kleşeyevka və Andreyevka ərazilərində qismən uğur qazanılıb", – Baş qərargah oktyabrın 9-da səhər bildirib.

Ukrayna qüvvələri əkshücuma başlayandan Baxmut ərazisində hücum əməliyyatları aparır. Rusiya qüvvələri bir neçə ay çəkən qanlı döyüşlərdən sonra bu şəhəri tutub.

Ordu cənubi Zaporojye vilayətində Melitopol istiqamətində də hücumları uğurla gerçəkləşdirdiyini bildirir.

Ukrayna qüvvələri Rusiyanın şərqdə tutduğu ərazilərlə 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krım yarımadasının quru əlaqəsini kəsmək üçün Melitopol şəhərinə nəzarəti bərpa etməyə çalışırlar.

Yeni zərbələrdə yaralananlar var

Region rəsmiləri Rusiyanın cənuba və şərqə zərbələrindən azı 16 dinc sakinin yaralandığını bildirirlər.

Oktyabrın 8-də Xerson vilayətinə zərbədən 12 nəfər yaralanıb. Onların içində 27-yaşlı bir qadın və onun doqquz aylıq körpəsi də olub.

Donetskdə cəbhə xəttinə yaxın Konstantinovkaya Rusiyanın raket zərbəsindən isə biri 9-yaşlı qız olmaqla, dörd nəfər xəsarət alıb.

Bu arada BMT-nin və yerli təhqiqatçılar Xarkov vilayətindəki Hroza kəndinə Rusiyanın raket zərbəsi endirdiyi yerdə araşdırma aparırlar. Ötən həftə bu zərbədən azı 50 nəfər həlak olub.

Təhqiqatçıların ilkin qənaətinə görə, ölənlərin, demək olar, hamısı dinc sakinlərdir.

BMT missiyasının başçısı zərbənin kənd kafesinə endirildiyini, bunun mülki obyekt olduğunu deyib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Oktyabrın 5-də gerçəkləşən zərbədən kafe yerlə-yeksan edilib, bütöv ailələr məhv olub. Orada ötən qış Rusiya işğalına qarşı müharibədə həlak olmuş əsgər Andrey Kozır üçün anım mərasimi keçirilirmiş.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz