Osman Kavala azad edilməsə, Türkiyənin AŞPA-dakı mandatı dayandırıla bilər

Xəbərin çap versiyası
Tarix: 13-10-2023, 14:35


Avropa Şurası Parlament Assambleyası (AŞPA) oktyabrın 12-də təcili debat zamanı Türkiyəni Avropa İnsan Hüquqları Məhkəməsinin "məcburi qərarını yerinə yetirməyə" və "Osman Kavalanı dərhal azad etməyə" çağırıb.

Civilazerbaijan.com
bildirir ki, Petr Bayrın (Avstriya) məruzəsi əsasında hazırlanan qətnamədə AŞPA "hələ 2019-cu ildə onun dərhal azad edilməsini tələb edən Avropa Məhkəməsinin aydın qərarına baxmayaraq", Türkiyə hakimiyyətinin hüquq müdafiəçisi və xeyriyyəçini hələ də azad etməməsindən "təəssüfünü" bildirib.

2022-ci ilin iyulunda qəbul edilmiş ikinci qərarda Strasburq Məhkəməsi Türkiyənin 2019-cu ildə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmədiyini təsdiq edib. "Türkiyə hakimiyyətinin bu qərarı yerinə yetirməkdən imtina etməyə davam etməsi təkcə Osman Kavala və onun ailəsinin şəxsi faciəsi deyil, həm də Türkiyədə qanunun aliliyi və ədalət üçün faciədir", deyə qətnamədə qeyd edilir.

AİHM Kavalanın həbsinin "gizli məqsədə", daha dəqiq isə, "onu susdurmaq" məqsədinə xidmət etdiyini hesab edib. Parlamentarilər həmçinin bildiriblər ki, Assambleyanın "siyasi məhbus" tərifi Kavalaya uyğun gəlir.

Türkiyə Kavalanı azad etməsə, qətnamədə ona qarşı "Maqnitski qanununu" və ya "Kavalanın qanunsuz və özbaşına azadlıqdan məhrum edilməsinə görə məsuliyyət daşıyan prokurorlar və hakimlər də daxil olmaqla, vəzifəli şəxslərə qarşı məqsədli sanksiyalar tətbiq etmək üçün" digər hüquqi alətləri tətbiq etmək təklif olunur.

Kavala 1 yanvar 2024-cü il tarixinə qədər azad edilməsə, Türkiyə nümayəndə heyətinin səlahiyyətləri dayandırıla bilər.

Ötən bazar ertəsi AŞPA Osman Kavalanı vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsinə həsr olunmuş nəzərəçarpan fəaliyyətə görə verilən insan hüquqları sahəsində 11-ci Vatslav Havel adına mükafatla təltif edib.

Parisdə dünyaya gəlmiş maliyyəçi, fəal və xeyriyyəçi Osman Kavala 2013-cü ildə İstanbulda Gəzi parkının sökülməsinə qarşı kütləvi etirazları maliyyələşdirməkdə və hakimiyyəti devirmək cəhdində ittiham olunub. Türkiyə məhkəməsi onu ömürlük həbsə məhkum edib, Turanın məlumatında qeyd olunur.

Kavala daha əvvəl sərvətinin bir hissəsini Türkiyə və Ermənistan arasında barışıq və mədəni əlaqələrin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldib. Türkiyə hakimiyyəti onu maliyyə vəsaitindən hakimiyyəti devirmək üçün istifadə edən "Corc Sorosun agenti" kimi qələmə verib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz