Men ştatında kütləvi atışma olub: ölən və yaralananlar var

Xəbərin çap versiyası
Tarix: 26-10-2023, 13:15


ABŞ-ın Men ştatının Lyuiston şəhərində naməlum şəxs adamlara atəş açıb. Son məlumatlara görə, azı 22 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Civilazerbaijan.com
bildirir ki, məlumatı CNN və "NBC News" yayıb.

Polis atəş açanın kimliyini müəyyənləşdirib. İlkin məlumata görə, o, 40 yaşlı Robert Karddır. Yerli dairə şerifinin ofisinin yaydığı fotoda saqqallı bir kişinin əlində hücum tüfəngi tutduğu görünür. Polis şübhəlinin hələ də azadlıqda olduğunu bildirir.

Şəhər sakinlərinə təhlükəsiz yerlərə çəkilmək tövsiyə olunub.

"The Sun Journal" qəzeti Lyuiston şəhər polisinə istinadla üç müxtəlif məkanda atışma olduğunu yazır. Onlar bir-birindən bir neçə kilometrlik məsafədə yerləşir.

"NBC News"un mənbəsi atəş açanın kriminal keçmişi ola biləcəyini deyir, ancaq, hələlik, motivləri bəlli deyil.

Ağ ev bildirir ki, Prezident Co Baydenə (Joe Biden) hadisə barədə məlumat verilib, operativ bilgiləndirilir.

Lyuiston Men ştatının ən böyük şəhəri Portlenddən 56 km şimalda yerləşir. Ştat polisinin məlumatına görə, 2012-ci ildən ştatda hər il 16-29 arası insan qətlə yetirilir.

Ölənlərin sayı təsdiqlənərsə, bu, 2019-cu ilin avqustundan ABŞ-da ən çox ölümlə nəticələnmiş atışma olacaq. Həmin il silahlı El-Pasodakı "Walmart"da alıcılara atəş açıb, 23 nəfər öldürülüb.

İndiyədək ABŞ-da ən çox adamın öldürüldüyü kütləvi atışma 2017-ci ildə baş verib. Las-Veqasda silahlı bir oteldən musiqi festivalına gələnlərə atəş açıb, 58 nəfər həlak olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz