Şimali Qafqazdakı iğtişaşlar Moskvanın Qəzza müharibəsində balans oyununu ifşa edir

Xəbərin çap versiyası
Tarix: 31-10-2023, 15:14


Kreml İsrail-HƏMAS münaqişəsindən öz maraqları üçün faydalanır, Qərbi sərt tənqid atəşinə tutur, Fələstin silahlı qruplaşmasının nümayəndə heyətinə ev sahibliyi edir. Dağıstanda aeroporta basqın isə göstərdi ki, Moskvanın Yaxın Şərqlə bağlı tarazlaşdırma siyasətində dəyişikliyin Rusiya üçün potensial əks təsirləri ola bilər.

Civilazerbaijan.com
bildirir ki, AzadlıqRadiosunun müxbiri Robert Koulson (Robert Coalson) yazır ki, əsasən müsəlmanların yaşadığı Şimali Qafqaz regionunda bəzən zorakı hal alan antisemit etirazlar avtoritar prezident Vladimir Putinin İsrail-HƏMAS müharibəsindən siyasi qazanc götürmə səylərinin ölkəiçi riskini ortaya qoyur.

Oktyabrın 29-da mindən çox adam Dağıstan paytaxtı Mahaçqalada aeroporta basqın edərək antisemit şüarlar səsləndirib, İsraildən gələn reysdəki sərnişinlərin şəhərə daxil olmasını önləməyə çalışıb. Azı 20 nəfər yaralanıb, onlarla insan həbs olunub, aeroport bağlanıb.

Yerli hakimiyyət respublika sakinlərini "destruktiv" qrupların provokasiyalarına boyun əyməməyə, cəmiyyətdə panika yaratmamağa çağırıb.

Bu hadisədən bir gün öncə Dağıstanın Xasavyurt şəhərində kütlə bir otelin qarşısına yığışıb. Bundan öncə müxtəlif Telegram kanalları "xaricdən İsrail vətəndaşına bənzəyən" bir şəxsin orada qaldığını yazmışdı. Polis kütlənin təmsilçilərinin otelə girərək orada İsrail vətəndaşları qalmadığını öz gözləri ilə görməsinə şərait yaradıb. Bundan sonra otel elan asıb ki, İsrail vətəndaşları və yəhudilərin oraya daxil olmasına, yaxud qalmasına icazə verilmir.

Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində isə yəhudi mədəniyyət mərkəzinin tikintisi gedən ərazi yandırılıb, xəsarət alan olmayıb. Vandallar binanın divarına "Yəhudilərə ölüm" şüarı yazıblar. Yəhudi mərkəzinin tikintisinə etiraz məqsədilə təşkil olunan petisiya 20 minə yaxın imza yığandan sonra irqçiliyə görə bağlanıb.

İctimai balans

Mahaçqalada aeroporta basqına cavab olaraq Putinin sözçüsü Moskvada hökumət, qanunverici və təhlükəsizlik rəsmiləri ilə böyük görüşün anonsunu verib. Müzakirənin mövzusu belədir: "Qərb Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə edir".

HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailə hücum edəndən sonra Moskva ictimai şəkildə balanslı davranmağa, qlobal diqqəti Ukraynadan yayındırmağa çalışır. Ərəb dövlətləri və Qlobal Cənubun nazı ilə oynayan Moskva eyni zamanda İsrail, eləcə də özünün regiondakı əsas müttəfiqi İranla münasibətlərini korlamamağa çalışır, - təhlilçilər belə deyirlər.

Rusiya HƏMAS-ın İsrailin cənubundakı hərəkətlərini aşkar şəkildə pisləməyib, ötən həftə Moskvada HƏMAS-ın nümayəndə heyətinə ev sahibliyi edib, münaqişəyə görə dəfələrlə Birləşmiş Ştatlar və Qərbi günahlandırıb. Dövlət televiziyası və sosial mediada kremlyönlü təxribatçılar dəlil gətirmədən iddia edirlər ki, HƏMAS, əsasən, Qərbin Ukraynanın korrupsioner məmurlarının oğurladığı hərbi yardımı hesabına silahlandırılır.

Ukraynadan yayınan diqqət

"Rusiyanın liderləri HƏMAS-a minnətdar olmalıdırlar", – ukraynalı siyasi şərhçi Vitali Portnikov AzadlıqRadiosunun rus xidməti üçün məqaləsində yazır.

"Ukraynadakı müharibədən diqqət yayındırılıb. Amerikalı konqresmenlər hücuma məruz qalmış iki ölkəyə yardımı bir paketdə birləşdirib-birləşdirməmək barədə mübahisə edirlər. Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh prosesi başa çatıb. Dünya bazarında neftin qiymətləri düşmək əvəzinə yüksəlməyə başlayıb. Qərblə Qlobal Cənub arasındakı uçurum genişlənib və Qəzza münaqişəsi davam etdikcə də genişlənəcək. Bütün bunlar Moskvanın Ukraynada müharibə aparmasını asanlaşdırır", – o qeyd edir.

Həbsdə olan müxalifət lideri Aleksey Navalnının Moskva üzrə keçmiş koordinatoru Oleq Stepanov deyib ki, "Putin özünün şəxsi maraqlarını bəşəriyyət və əxlaqi dəyərlərdən üstün tutur, İsrail-HƏMAS müharibəsində öz mənfəətini axtarır".

Ancaq aeroporta hücum göstərdi ki, Kremlin İsrail-HƏMAS müharibəsinə yanaşması Rusiya üçün həm xaricdə, həm də ölkə içində əsaslı risklər və zəifliklər gətirir. Bunu isə Rusiyanın Yaxın Şərq siyasəti üzrə ekspert Hanna Notte oktyabrın 30-da X platformasında yazıb.

Notte yazır ki, Rusiya son iki həftədə Fələstinin tərəfini tutandan sonra "Putin öz əkdiyini biçir". "Özünün Qərblə müharibə narrativi (antimüstəmləkə savaşı) üçün fələstinpərəst əhval-ruhiyyəni dəstəkləməklə Rusiya dövləti daxili qüvvələri gücləndirdi ki, bu da indi problemə çevrilə bilər", – o vurğulayıb.

Dövlət mediasının körüklədiyi nifrət

Rusiyanın rəsmi diplomatiyası Qəzza müharibəsində bir növ neytral sülhməramlı rolunu saxlamağa çalışır. Dövlət mediası, kremlyönlü sosial media isə, əsasən, antiisrail mövqe sərgiləyib, bu isə yoxsul Şimali Qafqazda təhlükəli təzyiq yaradır. Bunu Kiyevdə yerləşən Ukrayna Yaxın Şərq Araşdırmaları Assosiasiyasının direktor müavini Sergey Danilov deyir.

"Dövlət propaqandası İsrail və israillilərə qarşı nifrət qızışdırır. Bir tərəfdən, bu, yəhudilərə qarşı yönəlir, buraya Rusiyada yaşayanlar da daxildir. Propaqandistlər aydın deyirlər ki, fələstinlilərin tərəfindədirlər. Təkcə fələstinlilərin deyil, HƏMAS-ın da. Bu isə təkcə Dağıstanda deyil, bütövlükdə Şimali Qafqazda gərginliyi qızışdırıb", – Danilov CurrentTimeTV-yə deyib.

Danilov regiondakı sosial gərginliklərin uzun müddət Putin hökuməti və Kremlin təyin etdiyi yerli liderlər tərəfindən həll olunmadığını, onların yığılıb qaldığını, etirazlar üçün potensial yaratdığını bildirir.

"Şimali Qafqazda sosial gərginlik Rusiyanın digər vilayətlərindən yüksəkdir. Klanlar və etnik qruplar arasında rəqabət Şimali Qafqazda daha böyükdür. Bu, təkcə islam dininə görə deyil. Şimali Qafqaza xas gərginliklər və problemlərlə bağlıdır", – o vurğulayıb.

Rusiya siyasəti üzrə təhlilçi Mark Qaleotti oktyabrın 30-da "The Spectator" nəşrində yazıb ki, Şimali Qafqazdakı yerli liderlər incə balans yaratmağa çalışıblar – həm yerli müsəlman hisslərini soyumağa qoymayıblar, həm də etnik zorakılığı qızışdırmamaq üçün heç nə etməyiblər. İndi isə Kremlin son çaxnaşmalara ciddi yanaşdığı görünür. Müsəlmanlar Rusiya əhalisinin 10 faizə qədərini təşkil edir, Ukraynadakı müharibədə də qeyri-proporsional təmsil olunurlar. Qaleotti yazır ki, Moskvanın narahat olmağa hər cür səbəbi var.

Rusiyalı siyasi şərhçi Andrey Qusiy Dağıstandakı vəziyyətin bir gecəyə ortaya çıxmadığını, buxarın çıxmasına imkan verilməsinin vacib olduğunu düşünür.

"Onlar hakimiyyətin təşkilatçılığı ilə icazəli aksiya keçirə bilərdilər. İndi isə belə bir dinc variant mümkün deyil. Yeganə həll yolu divan tutmaqdır", – Qusiy AzadlıqRadiosunun "Caucasus.Realities" portalına deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz