Bayden Si ilə görüşdən sonra ona "diktator" deyib

Xəbərin çap versiyası
Tarix: 16-11-2023, 16:33


ABŞ prezidenti Co Bayden (Joe Biden) noyabrın 15-də çinli həmkarı Si Cinpinlə görüşdən sonra deyib ki, onun diktator olması haqda fikrini dəyişməyib.

Civilazerbaijan.com
bildirir ki, Bayden Si ilə San-Fransisko kənarında dörd saatlıq danışıqlardan sonra təkbaşına mətbuat konfransı keçirib. Tədbirin sonunda ondan soruşublar ki, Sinin diktator olması barədə iyunda dediyinin üstündə qalırmı.

"Qulaq asın, əlbəttə. Bizdən tamamilə fərqli bir hökumətə əsaslanan kommunist ölkəsini idarə etdiyi üçün diktatordur", – Bayden bildirib.

Çinin reaksiyası

Buna cavabında Çinin Xarici İşlər Nazirliyi bildirib ki, bu deyilənlərə qəti şəkildə qarşı çıxır, ancaq Baydenin adını çəkməyib.

"Bu bəyanat həddən artıq yanlışdır və məsuliyyətsiz siyasi manipulyasiyadır", – nazirliyin sözçüsü Mao Nin noyabrın 16-da ənənəvi brifinqdə söyləyib.

"Qeyd olunmalıdır ki, həmişə bəzi gizli motivli adamlar tapılacaq ki, ABŞ-Çin münasibətlərini qızışdırmağa və ziyan vurmağa cəhd etsinlər, amma onlar iflasa məhkumdurlar", – o, sözlərinə əlavə edib.

Mao daha sonra sual-cavab hissəsində həmin "bəzi" adamların kimliyini açıqlamayıb.

Hakimiyyətini gücləndirən Si

Ötən ilin martında Si Cinpin üçüncü müddətə prezidentliyə başlayıb. 3 minədək üzvü olan Çin parlamenti onu yekdilliklə həmin posta seçib. Səsvermədə başqa namizəd olmayıb.

Si Mao Tszedundan sonra Çinin ən güclü lideri sayılır. 10 ildən artıq bir müddətdə o, siyasi qərar vermə, ordu üzərində hakimiyyətini gücləndirib, media azadlıqlarını boğub.

Birləşmiş Ştatlara gəlmiş Çin nümayəndə heyətindən, hələlik, şərh gəlməyib. Onlar San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak ediblər. Günorta saatlarında şəhərin mərkəzində yüzlərlə etirazçı yürüş edib, "Azad Tibet", "Azad Honq Konq" şüarları səsləndiriblər.

Bayden iyunda "diktator" sözünü işlədəndə Çin bunu absurd, provokasiya adlandırmışdı. Ancaq bu deyişmə tərəflər arasında gərgin münasibətləri yaxşılaşdırmağı hədəfləyən hərtərəfli danışıqlara mane olmayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz