Böyük Britaniya BMT-yə Şimali Koreyanın Rusiyaya tədarüklərinin fotoşəkillərini TƏQDİM EDİB

Xəbərin çap versiyası
Tarix: 22-01-2024, 16:19


Yanvarın 22-də “The Guardian” yazıb ki, Böyük Britaniya qeyri-qanuni silah ticarəti ilə bağlı araşdırmasına sübut kimi Şimali Koreyanın Rusiyaya göndərdiyi daşınmaların peyk fotoşəkillərini BMT-nin ekspertlər qrupuna təqdim edib.

Civilazerbaijan.com
bildirir ki, liderlər Kim Çen In və Vladimir Putinin 2023-cü ilin sentyabrında Rusiyanın Uzaq Şərqindəki Amur bölgəsində görüşməsindən sonra Şimali Koreyanın Rusiyaya əhəmiyyətli miqdarda hərbi texnika, o cümlədən ballistik raketlər tədarük etdiyi iddia edilir.

“The Guardian” Böyük Britaniya Müdafiə Nazirliyinin dərc olunmamış hesabatını nəzərdən keçirib, orada Rusiya gəmilərinin Şimali Koreyanın Najin limanında yük qəbul etməsinin təsvirləri var. Üç gəmi - "Maya", "Anqara" və "Mariya" daha sonra Uzaq Şərqdəki Rusiya limanlarına yola düşüb. Şəkillər sentyabr-dekabr ayları arasında çəkilib.

Böyük Britaniya Müdafiə Nazirliyi konteynerlərin içindəkiləri müəyyən edə bilmədiyini bildirib.

Hər üç gəmi Rusiya Müdafiə Nazirliyi ilə əlaqələrinə görə ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalıb.

Hesabat BMT-nin Şimali Koreyanın silahlarının yayılması ilə məşğul olan ekspertlər qrupuna təqdim edilib. Panelin gələn ay Şimali Koreya ilə Rusiya arasında silah transferləri ilə bağlı yekun hesabatı açıqlayacağı gözlənilir.

"Rusiyanın Ukraynada Şimali Koreya silahlarından istifadə etməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulmasıdır", - deyə BMT diplomatı bildirib.

“Bu, nüvə silahının yayılmasının qarşısını almaq üçün beynəlxalq səylərə zərbə vurur və Rusiyanın uğursuz işğalı nəticəsində necə çıxılmaz vəziyyətə düşdüyünü göstərir. BMT-nin Sanksiyalar Komitəsinə təqdim edilən bu və digər sübutlar Rusiya və KXDR tərəfindən beynəlxalq sanksiyaların açıq-aşkar pozulması ilə bağlı genişmiqyaslı araşdırmaya təkan verməlidir”, - diplomat bildirib.

Yanvarın 10-da Təhlükəsizlik Şurasının iclasında Rusiya qoşunlarının Ukrayna ərazisinə ballistik raketlər atması xəbərindən sonra Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Rusiyanın Ukraynada Şimali Koreya silahlarından istifadə etməsini pisləyiblər.

Ukrayna Hərbi Kəşfiyyatının (GUR) rəhbəri Kirill Budanov yanvarın 21-də bildirib ki, Şimali Koreya hazırda Rusiyaya ən böyük silah tədarükçüsüdür, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz