Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib

Xəbərin çap versiyası
Tarix: 8-02-2024, 22:37


Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ukrayna prezidenti öz Telegram kanalında yazıb.

"General Valeri Zalujnı ilə görüşdüm. İki il Ukraynanı müdafiə etdiyinə görə ona təşəkkür etdim. Biz Ukrayna Silahlı Qüvvələrinin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə etdik. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə etdik. Belə bir yeniləmənin vaxtı indidir. Mən Valeri Fedoroviçə (Zalujnınıya) daha sonra komandada olmağı təklif etdim”, - deyə Zelenski yazıb.

Prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinə rəhbərliyinin yeni heyətə keçdiyini və general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdiyini bildirib.

Zalujnı da öz növbəsində qeyd edib ki, Ukrayna prezidenti ilə “ciddi və vacib söhbət” olub.

Rusiyada doğulub, boya-başa çatan Aleksandr Sırski 1980-ci ildən Ukraynada yaşayır. İlk hərbi təhsilini Moskva Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbində alıb. Sonra Ukrayna Silahlı Qüvvələri Akademiyasını və Ukrayna Milli Müdafiə Akademiyasını bitirib. 2019-cu ildən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib. 2022-ci ilin fevralında Sırsky Kyivin müdafiəsinə rəhbərlik edib və bunun üçün sonradan Ukrayna Qəhrəmanı adına layiq görülüb, Amerikanın Səsi-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz