Aleksey Navalnı həbsxanada ölüb
Tarix: 16-02-2024, 16:08
Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnının Yamalo-Nenes muxtar dairəsindəki koloniyada öldüyü xəbər verilib.
Civilazerbaijan.com bildirir ki, bu barədə məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb.
Onun 47 yaşı vardı.
Xidmətin məlumatında deyilir ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib və demək olar dərhal huşunu itirib. Təcili yardımın həkimləri onu özünə gətirməyə çalışsalar da, bu, mümkün olmayıb.
Xəbər verilir ki, Cəzaların İcrası Federal Xidməti Navalnının saxlandığı və öldüyü koloniyaya komissiya göndərib.
“3 saylı cəzaçəkmə müəssisəsində məhkum olan A.A. Navalnı gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Bütün zəruri reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir”, - rəsmi məlumatda qeyd olunub.
"Russia Today" nəşri mənbələrinə istinadən məlumat verib ki, Navalnı qan laxtalanmasından zəhərlənmə nəticəsində ölüb.
Siyasətçinin vəkili Leonid Solovyov şərh verməkdən imtina edib. O deyib ki, məhbusun yanında fevralın 14-də olub və onda hər şey qaydasında idi.
Kremlin sözçüsü Dmitri Peskov hadisədən xəbərdar olduğunu bildirib. O bunu da deyib ki, hadisə barədə prezident Vladimir Putinə məlumat verilib.
Fevralın 14-də məlum olmuşdu ki, Navalnını cərimə təcridxanasına göndəriblər. Siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəza kamerasına göndərilib.
Rusiya müxalifətinin lideri hesab olunan 47 yaşlı Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi.
Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Fondu"nun rəhbəri Aleksey Navalnı Vladimir Putinin ən kəskin tənqidçisi idi. O, uydurma ittihamla 19 il müddətinə azadlıqdan məhrum edilmişdi və cəzasını qütb dairəsinin o tayında ən ağır şəraitdə çəkirdi.
Həmkarlarının sözlərinə görə, Navalnı FTX əməkdaşları tərəfindən zəhərlənib, lakin möcüzəvi şəkildə sağ qalıb.
Navalnı həmkarları ilə Putinin sevgililəri və onun üçün Qara Dənizdə 1 mlrd. dollarlıq sarayın tikintisi haqqında araşdırmalar apardıqdan sonra dələduzluq və ekstremizm ittihamı ilə həbs edilmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər