Navalnının ölümündə Putin məsuliyyət daşıyır - BAYDEN

Xəbərin çap versiyası
Tarix: 17-02-2024, 14:30


ABŞ Prezidenti Co Bayden Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə reaksiyasında baş verənlərə görə birbaşa Rusiya prezidenti Vladimir Putini günahlandırıb. O, öz çıxışında habelə Ukraynaya yardımı yubadan ABŞ Nümayəndələr Palatasını danlayıb.

Civilazerbaijan.com
bildirir ki, Rusiya rəsmiləri Putinin başlıca siyasi rəqibi Aleksey Navalnının arktik zonada əmək düşərgəsində öldüyünü elan ediblər. Rəsmi bəyanat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Ağ Evdəki Oval Ofisdən verdiyi açıqlamada Bayden Navalnını cəsarətinə görə alqışlayıb. Belə ki, müxalifət lideri Putinin sərt tənqidçisi olaraq zəhərləndikdən və xaricdə müalicə aldıqdan sonra Rusiyaya qayıtmağa qərar vermişdi.

"O, təhlükəsiz mühacirətdə yaşaya bilərdi," deyə Bayden 2020-ci ildə Navalnının zəhərlənməsini xatırladıb. "Əvəzində o, bilərək ki, həbs oluna və hətta öldürülə bilər, Rusiyaya qayıtmağa qərar verdi. O, bunu ona görə etdi ki, öz ölkəsinə dərindən inanırdı."

Baydenin sözlərinə görə, Rusiya rəsmiləri öz versiyalarını danışacaqlar, ancaq reallıq fərqlidir. "Heç kəs yanılmasın: Putin Navalnının ölümündə məsuliyyət daşıyır," Bayden deyib.

ABŞ prezidenti əlavə edib ki, Navalnının ölümü mübarizənin nəyin uğrunda getdiyini bir daha xatırladır və o, Nümayəndələr Palatasını Ukraynaya yardım paketini təsdiqləməyə çağırıb. "Tarix baxır," deyə Bayden yardımın qəbul edilməsinin qarşısını alan Respublikaçı çoxluğa ünvanlanıb.

"Bu həlledici anda Ukraynaya dəstək verməmək heç kəsin yadından çıxmayacaq," Bayden deyib.

Federal Penitensiar Xidmətin bəyanatında deyilir ki, 47 yaşlı Navalnı cümə günü gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Onu reabilitasiya etmək üçün təcili yardım gəlsə də, onu xilas etmək mümkün olmayıb.

Ekstremizmdə ittiham olunaraq, 19 illik həbs cəzası çəkən Navalnı dekabr ayında Rusiyanın mərkəzi hissəsindəki Vladimir vilayətindəki saxlandığı həbsxanasından “xüsusi rejimli” cəzaçəkmə müəssisəsinə - Rusiya həbsxanalarının ən yüksək təhlükəsizliyi ilə tanınan Şimal Dairəsinə köçürülüb.

Onun müttəfiqləri Moskvadan təxminən 1900 kilometr şimal-şərqdə, Yamalo-Nenets bölgəsindəki Xarp şəhərində yerləşən koloniyaya köçürülməsini Navalnını susdurmağa məcbur etmək üçün növbəti cəhd kimi qiymətləndirmişdilər.

Navalnı 2021-ci ilin yanvar ayından, sinir maddəsi ilə zəhərlənmədən Almaniyada sağaldıqdan sonra Moskvaya qayıtdığı zaman hava limanında həbs olunmuşdu. O həbsindən əvvəl o, məmur korrupsiyasına qarşı kampaniya aparıb, Kremlə qarşı böyük etirazlar təşkil edib və dövlət vəzifəsinə namizəd olub.

O vaxtdan bəri Navalnıya üç ayrı cinayət işi açılıb. Siyasətçi bu ittahamların hamısının siyasi motivli olduğunu deyərək rədd edirdi, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz