Aleksey Navalnının anasına ultimatum verilib: Ya o, gizli dəfn mərasiminə razı olacaq, ya da...

Xəbərin çap versiyası
Tarix: 24-02-2024, 15:15


Müstəntiqlər müxalifət lideri Aleksey Navalnının anası Lyudmila Navalnayaya ultimatum verib: Ya o, Navalnının gizli dəfn olunmasına razılıq verəcək, ya da müxalifətçi həbsxanada dəfn ediləcək.

Civilazerbaijan.com
bildirir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.

"Bir saat əvvəl müstəntiq Alekseyin anasına zəng edərək, ona ultimatum verib. Ya 3 saat ərzində o, ictimai şəkildə vidalaşmadan gizli dəfn mərasiminə razılıq verəcək, ya da Aleksey həbsxanada dəfn ediləcək. O, İstintaq Komitəsi ilə danışıqlardan imtina edib, çünki komitə onun oğlunu necə və harada basdıracağına qərar vermək səlahiyyətinə malik deyil" Yarmış vurğulayıb.

Onun sözlərinə görə, Lyudmila Navalnaya oğlunun ölümünün səbəbi müəyyən olunduğu andan sonra, iki gün ərzində müstəntiqləri cəsədi təhvil verməyə məcbur edən qanuna əməl olunmasını tələb edir.

"Onun imzaladığı tibbi sənədlərə görə, bu iki gün sabah başa çatır. O israr edir ki, hakimiyyət dəfn və anım mərasiminin adət-ənənələrə uyğun keçirilməsinə icazə versin" - deyə, Navalnının silahdaşı İvan Jdanov bildirib.

Bir gün əvvəl Lyudmila Navalnaya İstintaq Komitəsinin əməkdaşlarının ondan siyasətçinin gizli dəfninə razılıq verməsini tələb etdiyini bildirən video-müraciətlə çıxış edib.

Navalnının anası "Onlar bunun [Navalnının dəfninin] gizli şəkildə, vidalaşmadan keçirilməsini istəyirlər. Onlar məni qəbiristanlığın kənarına, təzə bir qəbrə aparıb “Oğlunuz buradadır" demək istəyirlər. Mən buna razı deyiləm" deyib.

​İvan Jdanovun sözlərinə görə, müstəntiqlər Lyudmila Navalnayadan oğlunun cənazəsi Moskvaya gətirilənə qədər dəfni barədə heç nə deməməyi tələb edib. Jdanovun qeyd etdiyi kimi, İstintaq Komitəsinin əməkdaşları siyasətçinin cəsədi olan təyyarənin eniş etməli olduğu hava limanında iğtişaşlardan qorxur. Digər tələb isə İstintaq Komitəsinin əməkdaşının dəfn mərasiminin sonuna qədər orada olması olub.

Qadından dəfn mərasiminin yeri və tarixi ilə bağlı qərar verməsi də istənilib. Bundan əvvəl müxalifətçinin cəsədinin Moskva və ya Vladimir vilayətindəki morqlardan birində olması nəzərdə tutulurdu. Jdanov İstintaq Komitəsinin əməkdaşından sitat gətirib: "Biz morqa hücum ediləcəyindən qorxuruq".

Navalnının müttəfiqi onu da aydınlaşdırıb ki, Lyudmila Navalnaya oğlunu Xovanskoye qəbiristanlığında dəfn etmək qərarına gəlib. Lakin ondan dəfn mərasimini ictimaiyyət olmadan keçirməsini xahiş ediblər. Jdanov siyasətçinin anasının bununla razılaşmadığını və buna görə də müstəntiqlərin təhdidlərindən danışdığı bir video mesaj yazdığına əmindir, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz