Putin və Paşinyan görüşüblər: Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur

Xəbərin çap versiyası
Tarix: 9-05-2024, 12:37


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Civilazerbaijan.com
bildirir ki, görüş Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitindən dərhal sonra Kremlin Andreyev zalında keçirilib.

Ermənistan rəsmiləri görüşün bir saatdan bir qədər çox çəkdiyini bildiriblər.

Putin görüşün əvvəlində deyib: "Biz bu barədə açıq rejimdə təfsilatı ilə danışmayacağıq, lakin Aİİ sammiti meydanında, əlbəttə ki, münasibətlərimizin bütün kompleksi, o cümlədən regional təhlükəsizlik məsələlərinə toxunmaq imkanı var".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva ilə Yerevan arasında münasibətlərdə, həqiqətən də, müəyyən çətinliklər var, lakin onları şişirtmək olmaz.

Peskov Putin ilə Paşinyan arasında söhbətin nə dərəcədə çətin olacağı sualına cavab verərkən deyib: "Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur. Sözsüz, ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var. Lakin, digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər sıx, bu münasibətlərin kompleksi nə qədər geniş olarsa, bir o qədər də müxtəlif problemlər yaranır və qarşımıza çıxır".

Eyni zamanda, Peskov vurğulayıb ki, mövcud problemləri müzakirə etmək üçün liderlərin siyasi iradəsi var.

"Gəlin [danışıqların] nəticələrini gözləyək. dialoq var, bu dialoqu davam etdirmək üçün siyasi iradə var, tərəflər arasında qarşılıqlı maraq var, ikitərəfli münasibətlər üçün potensial var, ona görə də biz optimist olmağa daha çox meylliyik", - Putinin sözçüsü əlavə edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Erməni tərəfi isə hələlik görüşün yekunlarına dair rəsmi bəyanat yaymayıb. Eyni zamanda, hökumətyönlü resurslar bildirirlər ki, görüşdə Rusiya sərhədçilərinin təkcə "Zvartnots" aeroportundan çıxarılması barədə razılıq əldə olunmayıb, onlar həm də Ermənistan-Azərbaycan sərhədində Sünik, Vayots Dzor, Geqarkunik, Ararat və Tavuşdakı mövqelərdən çıxarılacaq. Onlar 2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra oraya yerləşdirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz