Dollar niyə ucuzlaşır? - Açıqlama

Xəbərin çap versiyası
Tarix: 12-04-2017, 11:42
Dollar niyə ucuzlaşır? -


“Son günlər dollara tələbin yenidən azalması müşahidə edildi”.

SİVİL.AZ "Qaynar"-a istinadla xəbər verir ki, bu fikirləri iqtisadçı-alim Vüqar Bayramov deyib. İqtisadçı dollara olan tələbin azalmasının üç mühüm səbəbinin olduğunu vurğulayıb:

“Mərkəzi Bankın depozit hərracları manat bazasını qısa müddətli olsa da belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. İkincisi, banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul, xüsusən M0 aqreqatının (nağd pullar) həcmini kəskin azaldıb. Yəni, hətta büdcədən hesablara ayrılan və eləcə də özəl şirkətlərinin özlərinin gəlirlərinin nağdlaşdırma ilə bağlı qadağaların tətbiq edilməsi manat kütləsinin həcmini azaldır. Qeyd edim ki, sadələşdirilmiş vergi subyektləri ay ərzində 15, əlavə dəyər vergisi ödəyiciləri isə 30 min manat nağdlaşdıra bilərlər. Nəticədə, əslində dollara tələb yaradacaq və valyuta bazarında məzənnəni optimallaşdıracaq vəsaitlər bank hesablarındadır və onlar bazara daxil olmur”.

Vüqar Bayramov digər səbəbin psixoloji təsirlər olduğunu qeyd edib. O, bunun da birbaşa əhalinin dollar təklifinin artırdığını bildirib:

“Buna görə də növbəti dövrdə milli valyutanın məzənnəsinin necə dəyişməsi birbaşa manat bazasının həcmindən asılı olacaq. Qeyd edim ki, yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə aldıqda o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb. Əgər manat bazasının məhdudlaşdırılması prosesi davam edərsə, o zaman dollara tələb aşağı olaraq qalacaq. Dollara tələbi sadəcə dövriyyədə manat kütləsinin artması yüksəldə bilər. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, manat bazasının məhdudlaşdırılması qısa müddətli dövr üçün nəzərdə tutulan siyasət olmalıdır. Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələri təşviq edilə bilsin”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz