Kabel şəbəkəsi yayımçılarının iradları qəbul olunmadı
Tarix: 18-05-2017, 13:24
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında kabel şəbəkəsi yayımçılarının retranslyasiya olunan telekanallarda xarici reklamların yayımının qadağan olunmasına etdikləri iradlar qəbul edilməyib.
SİVİL.AZ-ın məlumatına görə, MM-in Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, kabel yayımçılarının fəaliyyəti bu günə qədər Milli Televiziya və Radio Yayımı Şurasının daxili qaydaları ilə tənzimlənir: “Lakin getdikcə kabel şəbəkəsi genişlənir. Artıq yalnız Bakıda deyil, Gəncədə, Sumqayıtda da kabel şəbəkəsi yayımı həyata keçirilir. Düşünürəm ki, zaman keçdikcə, bu, bütün Azərbaycanı əhatə edəcək. Ona görə də kabel şəbəkəsi yayımını tənzimləyən qanunun olması vacibdir”.
“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin MM-in 1-ci oxunuşunda nəzərdən keçirildiyini deyən R.Hüseynov əlavə edib ki, kabel şəbəkəsi yayımçıları bu qanuna bəzi iradlarını bildiriblər.
Bu iradlardan birinin reklamla əlaqədar olduğunu deyən R.Hüseynov qeyd edib ki, qanun layihəsinə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır: “Kabel şəbəkəsi yayımçılarının ortaya qoyduğu iddia bundan ibarətdir ki, bu reklamın praktik olaraq, çıxarılması üçün texniki imkan yoxdur. Çünki bunlar sadəcə yayımın ötürülməsi ilə məşğuldurlar. Amma məsələni araşdırdıq və gördük ki, məsələnin mahiyyəti belə deyil. Düşünülür ki, gələcəkdə xarici kanallar Azərbaycan üçün translyasiya etdikləri verilişlərdə o reklamları verməsinlər. Hansı ölkələrlə müqaviləsi varsa, reklamı ona versinlər. Artıq belə praktika müxtəlif ölkələrdə var. Azərbaycanda da bu praktikanın tətbiqi nəzərdə tutulur. Çünki xarici reklamlar Azərbaycanın reklam bazarına mənfi təsir göstərir. Belə reklamların yayımlanması digər tərəfdən arzuolunmaz reklamların Azərbaycan mühitinə işləməsinə yol açır. Ona görə də gələcəkdə kabel şəbəkəsi yayımçıları texniki imkanları geniş olan hansısa kanalla müqavilə bağlayarlar və lazım olan halda reklamları oradan çıxara bilərlər. Digər məsələ isə verilişlərin Azərbaycana o reklamlarsız ötürülməsidir. Ona görə də kabel şəbəkəsi yayımçılarının iradlarına görə çıxarılması istənilən bu maddələrin qalması vacibdir və qalması da nəzərdə tutulur”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər