Londonda İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP-nin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib

Xəbərin çap versiyası
Tarix: 24-05-2017, 12:02
Londonda İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP-nin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib


Londonda, BP-nin baş ofisində şirkətin və İngiltərə -Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə BP-nin Azərbaycanda fəaliyyətə başlamasının 25 illiyi münasibətilə tədbir keçirilib.

SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, ədbirdə BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayeva, Cəmiyyətin Britaniya tərəfdən həmsədri Lord German, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin Cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən diasporumuzun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən akademik Nərgiz Paşayeva qonaqları salamladı və BP-nin Azərbaycanda fəaliyyəti haqqında ətraflı məlumat verərək dedi: “BP şirkətinin tarixi keçən əsrin əvvəlindən başlayıb. Bu, böyük, maraqlı, sanki romanı xatırladan bir tarixdir. Bugünkü nailiyyətlər bir gündə və bir anda əldə edilməyib. Əziyyətli, enişli-yoxuşlu yol olub. İlk əvvəl, başlanğıcda fəaliyyət Şərqdə qurulmuş və daha sonradan ərazilər, coğrafi dairə böyümüş – Şərq, Qərb, Şimal, demək olar ki, bütün dünya əhatə edilmişdir. BP-nin geniş fəaliyyət xəritəsində Azərbaycan ünvanı da kənarda qalmamışdır.

Fikir verin ki, Azərbaycanın ikinci müstəqilliyinin yaşı BP şirkətinin ölkəmizlə əməkdaşlığının yaşı ilə eynidir – 25 ildir. Müstəqillik hər bir ölkə üçün əsas şərt, dəyərdir. Amma müstəqil olmaq tərəfdaşsız olmaq deyil. Müstəqilliyimizin ilk günlərindən BP ilə əməkdaşlıq Azərbaycanın müstəqilliyini qoruyan faktorlardan birinə çevrildi. Bu doğru seçim Azərbaycanda tək neft sektorunu dirçəltmədi, həm də bizim vətəndaşları və ölkəni müdafiə edən strateji amil rolunu oynadı. Belə hadisələr tarixdə iqtisadi məzmunla yanaşı, böyük tarixi məzmun və əhəmiyyət daşıyır.

Bu gün ilk dəfədir ki, BP-nin ofisində, əməkdaşlar arasındayam. Buna çox sevinirəm. Şadam ki, 25 illik yubiley münasibətilə Sizi təbrik etməyə və təşəkkür bildirməyə gözəl şansım var.

25 il ərzində siz həm işlədiniz, həm öyrətdiniz, həm də öyrəndiniz. Öyrəndiniz dedikdə mən, əlbəttə, neft hasilatını nəzərdə tutmuram. Siz Azərbaycanı, onun insanlarını, mədəniyyətini, musiqisini, mətbəxini, gündəlik həyatını izlədiniz və müşahidə etdiniz. Amma tək müşahidə etmədiniz – mədəni, elmi, maarif, tədris layihələrinə dəstəyinizi verdiniz. Beləliklə, təbii sərvəti - nefti milli nailiyyətlərə çevirməkdə kömək göstərdinizz.

Bu dövr ərzində BP-nin həyata keçirdiyi mədəni layihələrin bir neçəsinin adını çəkmək istərdim. BP Azərbaycanın Hacıqabul, Şəmkir, Yevlax, Goranboy, Kürdəmir kimi bölgələrinin məktəblərində 6 kitabxananın açılmasına yaxından dəstək olub. BP Azərbaycan şirkəti Hacı Zeynalabdin Tağıyev haqqında kitab-albom (“H.Z.Tagiyev’s book-album”), "Təbrizin sehrli nağılları" (“Mysterious Tales of Tabriz”), "Sarılar, Qarabağ atının izi ilə" (“Sarilar-a jorney to the Karabakh horse”),“Mənim tanıdığım Vaqif” (“Vagif as I knew him”) kitablarının nəşrinə sponsorluq edib, “Azərbaycan obyektivdə” (“Azerbaijan through the lens”) adlı fotosərginin London, Paris, Cenevrə və Avropanın digər şəhərlərində keçirilməsini təşkil edib. BP-nin dəstəklədiyi digər layihə isə Bakı muzeylərinə pulsuz girişin təşkil edilməsidir. 9000 insan indiyədək bu layihədən faydalana bilib. Bu illər ərzində BP 100-dən artıq azərbaycanlı tələbənin ABŞ-da, Britaniyada, Rusiyada və Türkiyədə təhsil almağına kömək göstərib və Qafqaz Universitetində 2 fakültənin və 16 laboratoriyaların açılmasına sponsorluq edib. Həmçinin BP Bakıda təhsil alan bakalavr və magistr dərəcəli tələbələrin geologiya üzrə yay sahə təcrübəsini təşkil edib. Şirkət Azərbaycanda neft və qaz ixtisasları üzrə təhsil alan tələbələrə xüsusi mükafatlar təsis edib. Mükafatlar Bakının və Gəncənin müxtəlif universitetlərinə yüksək balla qəbul olmuş 150-dən artıq birinci kurs tələbəsinə verilib. Bu mükafat tələbələrə BP tərəfindən maliyyələşdirilən və ali təhsil alarkən qazanacaqları texniki bilikləri layiqincə tamamlayan 10 aylıq təlim kursu vasitəsilə texniki ingilis dili vərdişlərini təkmilləşdirmək imkanı verir”.

Akademik Nərgiz Paşayeva rəhbərlik etdiyi Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinin də BP şirkətinə böyük marağını və şirkətin əməkdaşlarının hər il filialda işə qəbulla bağlı geniş təqdimat keçirdiklərini, tələbələr üçün müxtəlif mövzularda seminarlar təşkil edildiyini vurğuladı. Hazırda BP Azərbaycan şirkətində MDU-nun Bakı filialının 10 məzununun çalışdığı qeyd edildi.

Akademik Nərgiz Paşayeva çıxışının sonunda bu layihələrin həyata keçirilməsindəki dəstəyə görə Qordon Birrelə xüsusi təşəkkürünü bildirdi. Həmçinin həmkarı Lord German başda olmaqla iştirakçılara və tədbirin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi.

Təqdimatla çıxış edən BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen BP-nin Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verdi. Qeyd edildi ki, şirkət ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda ilk ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə verib.

Bütün bu uğurlar şirkətin Azərbaycanda qurduğu mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyü uzunmüddətli öhdəlikdən irəli gəlir. BP Azərbaycan iqtisadiyyatının güclənməsinə və böyüməsinə böyük töhfələr verib, Azərbaycan üçün möhtəşəm iqtisadi inkişafın təməlini təşkil edən yeni əhəmiyyətli gəlir axınını təmin edib, Azərbaycanın dünyanın digər ölkələri ilə qurduğu yeni kommersiya əlaqələrində böyük rol oynayıb, dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına stimul verib, dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsinə və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına nail olub. Şirkət on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə verib, potensialın yaradılması, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verib və ümumilikdə ölkənin bacarıq və səriştə bazasını gücləndirib, yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edib, bir çox sosial layihələrdə iştirak edərək mədəni irsin və idmanın inkişafına dəstək verib.

Xanım Emili Olsen BP-nin ən böyük layihələrinin Azəri-Çiraq-Günəşli və Şahdəniz olduğunu bildirib və Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP layihələri haqqında ətraflı məlumat verdi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə görülən işlərdən bəhs etdi.

İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German BP-nin Azərbaycanda gördüyü işlərin böyük məmnunluq doğurduğunu ifadə etdi, həmsədri olduğu Cəmiyyətin BP şirkəti ilə birgə gördüyü işlərdən danışdı. Akademik Nərgiz Paşayevaya dərin minnətdarlığını ifadə edən Lord German diqqətə çatdırdı ki, o, həqiqətən də Cəmiyyətin hər ötən gün daha da genişlənməsinə ən böyük töhfəsini verən insandır.

Lord German vurğuladı ki, BP-nin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd olunur və bu 25 ildə dünyada bir çox dəyişikliklər baş verib: yeni texnologiyalar, innovasiyalar və s. proseslər baş verir. Dünyamız necə də sürətli dəyişir. Belə bir sual doğur ki, dünya 10 ildən sonra necə olacaq? Sürətlə dəyişən dünyada bizlər üçün ən vacib məsələ bir-birimizlə olan əlaqəmizdir. İngiltərə-Azərbaycan Cəmiyyətinin də əsas məqsədi məhz bu əlaqələrdən keçir. Bizim əsas məqsədimiz Azərbaycan ilə Britaniya arasındakı mədəni yaxınlaşma və əlaqəni təmin etməkdir.

Lord German, həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin tərəfdaşları və sponsorları ilə birgə gördüyü layihələr haqqında məlumat verdi. Həmsədr Azərbaycanın bir çox yerlərində əqli və fiziki qüsurlu uşaqların çoxsaylı sosial fəaliyyət istiqamətləri ilə təmin edilməsini, talassemiya xəstəliyindən əziyyət çəkənlərə lazımı yardımın göstərilməsini, Britaniya ilə Azərbaycan arasında ekspertlər mübadiləsini nümunə göstərdi. Daha bir çox nümunələrin olduğunu qeyd edən Lord German bütün bunların Britaniya və Azərbaycan arasında insani münasibətlərin daha da inkişaf etməsinə, hər iki ölkənin cəmiyyətlərinin bir birinə yaxınlaşmasına böyük töhfə verdiyini diqqətə çatdırdı. Bütün görülən işlərdə BP-nin Cəmiyyətə olan dəstəyinin təqdirəlayiq olduğunu vurğuladı.

Sonda tədbir iştirakçıları BP-nin Azərbaycanda 25 illik fəaliyyətini əks etdirən videoçarxa baxdılar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz