Neftin qiyməti ilə bağlı çox gözəl xəbər: 100 dollar olacaq
Tarix: 25-05-2017, 13:59
Amerika ekspertləri neftin qiyməti ilə bağlı Azərbaycan üçün çox ümidverən ssenari təqdim ediblər.
“Thomson Reuters”in analitiklərinin fikrincə, neftin barrelinin qiyməti 100 dollara qədər qalxa bilər.
SİVİL.AZ xəbər verir ki, “Thomson Reuters”in analitiki Şakil Beqq bildirib ki, bunun üçün neftin qlobal ehtiyatları və hasilatın real olaraq azalması vacibdir. Onun fikrincə, gələn il sutkalıq hasilatın daha 500 min azaldılması baş verə bilər ki, bu da qiymətin barrel üzrə 60 dolları keçməsinə gətirəcək.
Hazırda dünya bircalarında Brent neftinin barrelinin qiyməti 54,38 dollardır. Həmçinin “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 54,97 dollar təşkil edib.
Neftin qiymətinin artması OPEK və Rusiya təmsilçilərinin mayın 25-ə gözlənən görüşü ilə bağlıdır. Agentlik bildirir ki, danışıqların gedişində neftin hasilatının sutkada 1,8 milyon barrel azaldılması barəcə razılığa gələ bilərlər. Hazırda hasilatın azaldılması ilə bağlı sazişə dünyanın 24 iri neft hasilatçısı qoşulub. Rusiya analitiklərinin fikrincə, sazişə Norveç, Misir və Türkmənistan da qoşula bilər. Yəni Şakil Beqqin bəhs etdiyi 500 min barrel bu yolla təmin edilə bilər və neftin barrelinin qiyməti gələn il 60 dolları ötə bilər.
Neftin qiymətinin 50 dollardan yuxarı olması bütövlükdə Azərbaycanın gəlirlərini artıracaq ki, bu da büdcə problemlərinin həllində böyük dəstək deməkdir. Əgər neftin bareli 40 dollar olarsa, Azərbaycanın 2017-ci ildəki neft gəlirlərinin 5,2 milyard dollar olacağı proqnozlaşdırılır.
Amma neftin qiyməti 50 dollar olarsa, Dövlət Neft Fondunun gəlirləri 6 milyard dollara bərabər ola bilər. Neftin qiymətinin 60 dollar ətrafında dəyişməsi isə bu gəlirlərin daha 1 milyard dollar artması deməkdir.
Bu isə manata təzyiqlərin azalması və ölkə əhalisinin vəziyyətinin xeyli yaxşdırılaşması deməkdir. Neftin qiymətinin artması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilki gəlirlərinin artmasına da səbəb olacaq. Bu ilin birinci rübündə neftin qiyməti 50 dollardan yüksək olub ki, bu da ARDNF-in gəlirlərinin artmasına səbəb olub.
ARDNF-dən verilən məlumata görə, fondun valyuta ehtiyatları 2017-ci ilin birinci rübünün yekunlarına görə 60 milyon dollar artaraq, 33 milyard 207 milyon dollara çatıb. Birinci rübdə fond ölkədə iqtisadi sabitliyin təmini üçün Azərbaycan Mərkəzi Bankına 2,3 milyard manat transfert gerçəkləşdirib. 2017-ci ildə fondun büdcəsində bu məqsədlər üçün 7,5 milyard manat, yəni indiki məzənnə ilə təxminən 4,5 milyard dollar ayrılması nəzərdə tutulub.
Birinci rübün yekunlarında ümumiyyətlə ölkənin qızıl-valyuta ehtiyatları 37 milyard 639 milyon dollar təşkil edib. Bunun 4 milyard 432 milyon dolları Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları olub. (İstipress)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər