Büdcəyə 1 milyardlıq müdaxilə: Niyə? - ŞƏRH
Tarix: 22-06-2017, 16:30
"Hökumət 2017-ci ilin büdcəsini dəyişməyə hazırlaşır. Dəyişiklik nəticəsində büdcənin xərcləri 1 mlrd. manat artacaq və nəticədə nəzərdə tutulan büdcə defisiti 2 dəfədən çox genişlənəcək".
SİVİL.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, belə abir açıqlama ilə iqtisadçı-ekspert Rövşən Ağayev çıxış edib.
Ekspert əlavə edib: "Xərclərin artması bir səbəbdən baş verir: dövlət borclarının və dövlət şirkətlərinin öhdəliklərinin büdcə hesabına qarşılanması. Parlamentdən verilən açıqlamada görünür ki, artan xərclər SOCAR-ın layihələrinə və Əmanətlərin Sığortalanması Fondunun ehtiyaclarına yönəldiləcək. Xəbərdən o da aydın olur ki, 2017-ci il üzrə xarici borclanma limitinin yuxarı həddi 9 dəfə artırılaraq 500 mln. manatdan 4.5 mlrd. manata çatdırılır. Buna səbəb avrobondların emissiyası vasitəsilə Beynəlxalq Bankın borclarının dövlətin üzərinə transfer edilməsidir.
Yeri gəlmişkən, büdcə qanunvericiliyinə edilən son dəyişikliyə görə, Mərkəzi Bankın mənfəətindən kapital ehtiyatı yaradılandan sonra artıq qalan hissə dövlət büdcəsinə köçürülməli və yalnız dövlət borclarının qaytarılmasına yönəldilməlidir. Mərkəzi Bank haqqında qanunun 10-cu maddəsinə görə Bankın nizamnamə kapitalı 500 mln. manatdır və illik mənfəətdən bu məbləğdən az olmayaraq kapital ehtiyatı formalaşdırılır, yerdə qalan hissəsi isə borcların ödənilməsi məqsədilə büdcəyə transfer edilir. Məlumat üçün deyim ki, 2016-cı ilin sonuna Mərkəzi Bankın kapital ehtiyatı formalaşdırıldıqdan sonra mənfəətinin həcmi 4.3 mlrd. manata yaxın olub.
Göründüyü kimi, hökumət səmərəsiz dövlət sektoruna o qədər nəhəng borc yükünün altına öz çiyinini verib ki, hətta artıq Mərkəzi Bankın mənfəətinin də ünvanlı şəkildə yalnız borcların istifadəsinə yönəldilməsi hüquqi norma kimi qəbul edilib. Son 2 ilin büdcə siyasəti göstərir ki, hökumət neft dövründə islahat aparmadığı dövlət sektorunun ağır problemlərini postneft dövründə büdcənin xərc prioritetlərində önə çəkib. Ağır sosial-demoqrafik problemləri olan ölkədə büdcənin xərc strukturunda belə xərclərin sosial xərclərə şərik çıxması çox qaranlıq gələcək vəd edir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər