Mərkəzi bank rəhbərlərinin sammiti başladı - Dollar, avro müzakirəsi
Tarix: 25-08-2017, 13:12
Maliyyə bazarları bu gün ABŞ-ın Cekson Hol kurort şəhərciyində işə başlayacaq mərkəzi bank rəhbərlərinin sammitini diqqətlə izləyir. Bu gün Bakı vaxtı ilə saat 18:00-da Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin, 23:00-da isə Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draginin çıxışları gözlənilir.
SİVİL.AZ-ın məlumatına görə, çıxışlar zamanı önəmli açıqlamaların olmayacağını, lakin bəzi məqamların dolların cari məzənnəsini artıra biləcəyini bildirir.
FED-in sentyabr ayından etibarən balansını azalda biləcəyi və ya ilin sonuna qədər uçot dərəcəsini artırmaq ehtimallarının qalması kimi açıqlamaların dolları möhkəmləndirə biləcəyi gözlənilir. Həmçinin ECB-nin ilin əvvəlindən dollarla müqayisədə 10%-dən çox bahalaşan avro səbəbindən narahatlıq bildirməsi avronu ucuzlaşdıra, dolları bahalaşdıra bilər. Bu vəziyyətdə avro/dollar məzənnəsinin 1,17 USD/EUR səviyyəsindən aşağı düşməsi mümkündür.
Əksinə, FED və ECB rəhbərləri yuxarıda sadalanan mövzulara toxunmasa, avronun məzənnəsi 1,19 USD/EUR səviyyəsinə qədər yüksələ bilər. Qeyd edək ki, hazırda əsas valyuta cütlüyünün məzənnəsi 1,18 USD/EUR-a bərabərdir. (Report)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər