FES-in uçot stavkasının sıfırlanması manatın məzənnəsinə təsir edəcəkmi? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 10:55
FES-in uçot stavkasının sıfırlanması manatın məzənnəsinə təsir edəcəkmi? -


Almaniyanın nüfuzlu "Deutsche Bank"ının proqnozlarına görə, ABŞ Federal Ehtiyat Sistemi (FES) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər.

SİVİL.AZ xəbər verir ki, hazırda ABŞ-da uçot dərəcəsi 1,25%-ə bərabərdir. 2008-ci ilin dekabr ayında başlayan monetar ekspansiya proqramı isə 4 mərhələ şəklində davam edib və 2014-cü ilin fevralında tamamlanıb. Nəticədə FES öz balansında 4,5 trln. dollardan çox istiqraz toplayıb.

"Deutsche Bank"ın bu proqnozundan sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. Bu baş verərsə nələr dəyişəcək?

Proqnozu şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır.

Ağ Ev "xarici ticarət savaşında" ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir: "FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə o zaman qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10.6 faiz artaraq bir unsiyası 1326 dollara çatıb. Bu qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir. Amma digər tərəfdən, məhz həmin müddətdə dollar avro nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə 1.3 faiz aşağı düşüb. Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə, uçot stavkasının sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər".

Ekspert deyir ki, avronun məzənnəsi birbaşa Avropa Mərkəzi Bankının reaksiyasından, o cümlədən gələn ay keçirilən yığıncağında qəbul edilən qərarlardan asılı olacaq: "2017-ci ildə avro-zonada bondların yerləşdirilməsi müddəti başa çatır və yeni emissiyanın necə və hansı formada olması ilə bağlı Avropa Mərkəzi Bankı qərar verməlidir. Sentyabrın 9-da Avropa Mərkəzi Bankı uçot stavkasının dəyişdirilməməsi barədə qərar qəbul edib. Praktik olaraq, avropalılar da ixarcda müqayisəli üstünlüklərini itirməmək üçün bahalı avroda maraqlı görsənmirlər. Bununla belə, uçot stavkasının sıfırlanması avronun müəyyən dəyər qazanmasına gətirib çıxara bilər. Bu halda onun hansı səviyyəyədək davam edə bilməsi isə birbaşa Avropa Mərkəzi Bankı qərarlarından asılı olacaq".

V. Bayramovun sözlərinə görə, uçot stavkasının sıfırlanmasının manata birbaşa təsir edəcəyi gözlənilmir: "Belə görsənir ki, Azərbaycan Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil. Əks halda hərraca çıxarılb və satılmayan dollarlar manatı bahalaşdırardı. Mərkəzi Bank indiki halda manatın mövcud məzənnədən çox dəyər qazanmasında imkan vermir və bu siyasətin davam edəcəyi də gözləniləndir. Çünki optimal kurs qeyri-neft ixracatının stimullaşdırılması baxımdan çox vacibdir. Bununla belə, FED-in uçot stavkasının sıfırlanması baş versə belə, yenə də idxal məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da dollara tələb qalacaq". (Oxu.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz