Ekspert: Yanacağın bahalaşmasının müzakirəsi arzuolunan deyil
Tarix: 14-11-2017, 10:56
"Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib. O, "Aİ-92" markalı benzinin və dizel yanacağının qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini deyib. "Premium" markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd edib ki, buna bir neçə amil təsir edir. Bunların arasında Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer alıb.
SİVİL.AZ bildirir ki, iqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında “Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsinin təəccüblü olduğunu deyib.
Onun sözlərinə görə, yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan deyil: "Dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla, əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır. Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə, o cümlədən nəqliyyatda qiymət artımları müşahidə edilə bilər. Bu, həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımından arzuolunan deyil. Buna görə də yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla, xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var. Bütün hallarda, istehlak bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də, qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir".
Onu da qeyd edək ki, yanacaqdoldurma məntəqələrində "Aİ-98" super markalı benzinin satışı dayandırılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər