Bakıda II Bankçılıq Forumu keçirilir
Tarix: 23-11-2017, 10:22
Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumu (İslahatlar, Nəticələr və Perspektivlər) keçirilir.
SİVİL.AZ bildirir ki, “APA-Economics”in xəbərinə görə, forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin həcminin artırılması istiqamətləri, ödəniş xidmətləri bazarında aparılacaq islahatlar, banklarda komplayensin inkişafı məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır.
Tədbir 4 paneldən ibarət olmaqla, “Xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar”, “Nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri”, “Müasir bankçılıqda komplayns”, “Bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri” mövzularını əhatə edəcək.
Forumda maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının üzvləri, ödəniş xidmətlərini göstərən təşkilatların, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər