Sabah manatın taleyi ilə bağlı mühüm qərar veriləcək
Tarix: 12-12-2017, 12:58
Bu gün ABŞ Federal Ehtiyat Sisteminin 2017-ci il üzrə son toplantısı öz işinə başlayacaq. Bundan sonra Türkiyə Mərkəzi Bankı (TCMB) da daxil olmaqla, 5 önəmli mərkəzi bank monetar siyasətlə bağlı iclas keçirəcək.
SİVİL.AZ oxu.az-a istinadla xəbər verir ki, bu gün və sabah FES-in iclası, dekabrın 14-də isə TCMB, Avropa Mərkəzi Bankı (ECB), Böyük Britaniya Mərkəzi Bankı (BoE), İsveçrə Mərkəzi Bankının (SNB) iclaslarında uçot dərəcəsini dəyişə bilər.
“Moody's” Asiya Mərkəzi Banklarının da FES-lə paralel faiz artımlarına gedəcəklərini bəyan edib. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülür.
Nəzərə çatdıraq ki, Federal Ehtiyat Sisteminin ikigünlük iclası fonunda dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşır.
İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, FES-in uçot dərəcəsi ilə bağlı qərarı çox əhəmiyyətlidir. Qlobal valyuta bazarında məzənnələrə birbaşa təsir edəcək. Xüsusən də, dolların digər valyutalara nisbətdə məzənnəsinə təsir edəcək qərardır.
O ki qaldı iclasda hansı qərarın veriləcəyinə, ekspert “bunu proqnozlaşdırmaq çətindir” deyə bildirdi: “Bəzən FES-in toplantısında bank üzvlərinin hansı qərarın veriləcəyi ilə bağlı əvvəlcədən verdikləri proqnozlar özünü doğrultmur. Lakin bütün hallarda uçot dərəcəsi artırılarsa, bu, dünya bazarında dolların məzənnəsinə təsir edəcək”.
FES-in mərhələli şəkildə faiz artımına getdiyini xatırladan Vüqar Bayramovun sözlərinə görə, dünya bazarında dolların kəskin bahalaşacağı proqnozlaşdırılmır.
O, FES-in faiz artımı qərarının dolların mövcud məzənnəsini stabilləşdirəcəyini də istisna etmir: “Bitkoinin qiyməti aparıcı bankların irəli sürdüyü kimi "köpük" olmazsa, gələn il kriptovalyutalarla kağız əskinasların ciddi rəqabəti gözləniləndir”.
V. Bayramov FES-in qərarının Azərbaycan valyutasına təsirinə gəlincə, dekabrda valyutaya olan tələbatın artacağı proqnozlaşdırılır: “Bunun məzənnəyə necə təsir edəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Xüsusi şoklar baş verməzsə, Mərkəzi Bank məzənnəni qoruyub-saxlayacağını bildirir. Xüsusi şok deyəndə isə neftin qiyməti nəzərdə tutulur. Son günlər neftin qiymətində artımlar müşahidə edilir. O baxımdan Mərkəzi Bank özünün bəyan etdiyi kimi siyəsətini davam etdirsə, manatın mövcud məzənnəsi qorunub-saxlanacaq”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər