"Ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilməlidir" - Qubad İbadoğlu
Tarix: 15-08-2019, 15:58
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
CİVİL AZERBAİJAN bildirir ki, dəyişikliyə əsasən, “Əmək pensiyaları haqqında” qanunda əmək pensiyasının minimum məbləği 160 manatdan 1 oktyabr tarixindən 200 manata qaldırılıb.
İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, 2019-cu üçün ehtiyac meyarının həddi də artırılmalıdır.
“Xatırladım ki, bu il ərzində minimum əmək haqqının 130 manatdan 250 manata çatdırılması bəzi sahibkarların və torpaq mülkiyyətçilərinin sosial sığorta ödənişlərinin məbləğində artımı şərtləndirib. Bunun nəticəsində cari ilin 6 ayı ərzində məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmalar 116 faiz icra olunub, bu mənbədən 1 milyard 321 milyon manat vəsait toplanıb. Belə olan halda minimum pensiyalar daha çox artırıla və minimum əmək haqqı səviyyəsinə çatdırıla bilərdi.”
İqtisadçı hesab edir ki, minimum əmək haqqı və minimum pensiyanın təyin edilməsi üçün əsas əmək qabliyyətli əhali və pensiyaçılar qrupu üçün yaşayış minimumum gerçək dəyəri olmalıdır.
“Alternativ hesablamalara görə, 2019-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün təsqiq olunmuş 191 manata qarşı 264 manat, pensiyaçılar üçün 149 manata qarşı 238 manat, uşaqlar üçün 160 manata qarşı 251 manat təşkil edir. Digər tərəfdən minimum əmək haqqının artımı sentyabr ayından nəzərdə tutulduğu halda minimum pensiyaların artımının nədən oktyabr ayından tətbiqi də haqlı suallar doğurur.”
O hesab edir ki, minimum əmək haqqı və minimum pensiyaların artımı adekvat olaraq 2019-cu il üçün ehtiyac meyarının həddinin 143 manatdan ən azı 200 manata qədər artırılmasını tələb edir.
“Məlumat üçün qeyd edim ki, ünvanlı dövlət sosial yardımı bu meyar əsasında təyin edilir. Dünya Bankının son hesabatında Azərbaycanda yoxsulluq səviyyəsinin 24 faiz, kənd yerlərində 30 faiz, Bakı şəhərində isə 19 faiz olduğunu nəzərə alanda ünvanlı sosial yardımın əhatə dairəsi genişlənməlidir,” iqtisadçı qeyd edib. (Amerikanın səsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər