"PAŞA Bank"dan “Paster” ləqəbli reperin həbsi ilə bağlı AÇIQLAMA
Tarix: 27-12-2019, 22:02
"Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə "PAŞA Bank” ASC-nin adı hallandırılır".
CivilAzerbaijan.com bildirir ki, bu barədə Bankın "Paster” ləqəbli reperin (Pərviz Quluzadə) həbsi ilə bağlı açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, "PAŞA Bank” adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin, ümumiyyətlə, həqiqətə uyğun olub-olmamasına dair məlumatlara malik deyil.
"Şəxsin Bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik.
Bankımızın adının bu cür qeyri-dəqiq, Bankın işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik.
Kütləvi informasiya vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri-dəqiq məlumatların və ya şaiyələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik", - açıqlamada qeyd olunub.
Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Onun artıq 4 gündür "Bandotdel” kimi tanınan idarədə saxlanıldığı bildirilir.
Buna səbəb kimi onun dekabrın 9-da yazdığı ‘’Gang’' adlı repində ‘’Paşabank’' haqqında "Götürəcəyəm ölkəni necə Paşabank” deməsi göstərilir.
Yaxınları güman edir ki, ona saxlanıldığı zaman təzyiq göstərilib.
Araşdırmaçıların yazdığına görə, "Paşa Bank” "Pasha Holding” vasitəsilə Azərbaycanın birinci ailəsinə məxsus olan daha bir bankdır. Bu bankın əsası 2007-ci ildə İlham Əliyevin xanımı Mehriban Əliyevanın ailəsi tərəfindən qoyulub. Bankın hesabatına görə hazırda onun sahibləri prezidentin qızları Arzu və Leyladır. (ToplumTV)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər