Qubad İbadoğludan Mərkəzi Banka və Nazirlər Kabinetinə TƏKLİF

Xəbərin çap versiyası
Tarix: 5-02-2020, 13:00
Qubad İbadoğludan Mərkəzi Banka və Nazirlər Kabinetinə


Çində baş qaldıran koronavirus bu ölkədə neftə olan tələbatı 20 faiz azaldıb. Neftin qiyməti Azərbaycan üçün 55 dollara - psixoloji həddən də aşağı düşüb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə məlumatı MeydanTV yayıb. Halbuki 2020-ci ilin dövlət büdcəsində neftin 1 bareli 60 dollardan hesablanıb.

"Bloomberg” Agentliyinin məlumatına görə, gündəlik neft tələbatı ölkənin energetika bazarında neftə olan tələbatın sutkada 3 milyon barel azaldığını göstərir. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə keçirdiyi mətbuat konfrasında "bütün şokların qarşısını almağa gücümüz çatar”, - açıqlamasını verib.

Elman Rüstəmov əlavə edib ki, Azərbaycanın tədiyyə balansı neftin 55 dollarlıq qiyməti ilə profisitlidir.

"Əgər hər hansı şok hadisə baş versə belə, 52 milyard dollar valyuta ehtiyatımız var və bütün şokların qarşısını almağa gücümüz çatar”, - o bildirib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollar deyil, Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bankın saytında göstərildiyi kimi 6 milyar 258 milyon dollardır.

Qubad İbadoğlu bildirib ki, metodologiyaya görə beynəlxalq valyuta rezervləri hər bir ölkənin Mərkəzi Bankının konverstasiya olunan valyutada likvid xarici aktivləridir. Beynəlxalq ehtiyatlara monetar qızıl, xüsusi borc öhdəlikləri, Beynəxalq Valyuta Fondunda rezerv mövqeləri və xaricdə olan qısa müddətli aktivlər daxildir:

"Bundan əlavə, valyuta ehtiyatlarının tərkib hissəsi kimi təqdim olunan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri yalnız valyutadan və qısamüddətli likvid vəsaitlərdən ibarət deyil. 2019-cu ilin 30 sentyabrına olan məlumata görə, ARDNF-nin aktivləri 42 524,4 mln. ABŞ dolları olub. Onun da 69,6 faizi istiqrazlar və pul bazarı alətlərində, 13,4 faizi səhmlərdə, 11,4 faizi qızılda və 5,6 faizi əmlakda yerləşdirilib”.

İqtisadçının sözlərinə görə, aktivlərin tərkibindən də göründüyü kimi, bu vəsaitlərin pula çevrilmə qabliyyətinin dərəcəsi müxtəlifdir. Eyni zamanda, aktivlərin 33,1 faizi 1 illik, 43,3 faizi 1-3 illik, 12,2 faizi 3-5 illik, 11,4 faizi 5 ildən çox müddətə yerləşdirilib. Deməli, hətta bu vəsaitlər likvid olsa belə, ARDNF onun üzərində istədiyi vaxt sərəncam verə bilməz:

"Həm də qlobal maliyyə bazarlarındakı şoklar aktivləri dəyərsizləşdirə bilər. Yəni səhmlər qiymətdən düşə, əmlak və qızıl isə ucuzlaşa bilər. Odur ki, beynəlxalq metodologiyada ölkənin rəsmi valyuta ehtiyatları dedikdə yalnız AMB-nin sərəncamında olan vəsaitlər nəzərdə tutulur. Əgər Maliyyə Nazirliyinin yığımları varsa, o da buna əlavə oluna bilər”.

Sonda iqtisadçı deyir ki, ARDNF-nin aktivləri əldə edilmiş neft pullarının gələcək nəsillərə ötürülməsi məqsədilə formalaşdırılıb. Bu vəsait anti-böhran təyinatlı ola bilməz:

"Nəhayət, AMB-nin sədri bilməlidir ki, qlobal şoklar yalnız tədiyə balansına təsir göstərmir. Onu da bilməlidir ki, neftin ucuzlaşmasının son həddi 55 dollar olmaya bilər”.

Qubad İbadoğlu deyir ki, qiymətlər bu həddən aşağı olarsa, ARDNF-nin büdcəyə transfertində problem yarana bilər. Çünki 2020-ci il üçün ARDNF-dən dövlət büdcəsinə transfertin həcmi ARDNF-nin büdcəsinin 95 faizinə çatır:

"Bu isə o deməkdir ki, neftin qiyməti hər barel üçün 55 dollardan aşağı düşərsə, ADRNF dövlət büdcəsinə transfertləri tam və vaxtında köçürə bilməyəcək. Bu da son nəticədə büdcənin xərclərinin maliyyələşdirilməsində, xüsusilə də əmək haqlarının ödənilməsində çətinliklər yarada bilər. Odur ki, həm AMB-yə və həm də Nazirlər Kabinetinə təklif edirəm ki, böhrana qarşı preventiv tədbirlər planı hazırlasınlar”.

Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin 1 bareli 60 dollardan hesablanıb. Hazırda dünya bazarında neftin 1 bareli üçün qiymət 55 dollar səviyyəsindədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz