Türk lirəsinin ucuzlaşmasının Azərbaycan manatına təsiri

Xəbərin çap versiyası
Tarix: 24-08-2020, 01:23
Türk lirəsinin ucuzlaşmasının Azərbaycan manatına təsiri


Azərbaycanın qonşusu və əsas ticarət tərəfdaşlarından Türkiyənin milli valyutası olan lirə avqust ayında ABŞ dollarına nisbətən 6, ilin əvvəlindən isə təxminən 20 faiz ucuzlaşıb.

CivilAzerbaijan.com
bildirir ki, bu cür nəzərə çarpacaq reqresdən sonra sosial şəbəkələrdə bəzi Azərbaycan vətəndaşları da narahatlığını ifadə edirlər.

Onlar hesab edirlər ki, Azərbaycan və Türkiyə bazarları bir-biri ilə əlaqəlidir, bunun manata da təsirləri ola bilər. Lakin Azərbaycan Mərkəzi Bankında narahatlığa əsas görmürlər.

“Son aylar Rusiya və Türkiyədə milli valyutaların məzənnəsinin aşağı düşməsi manatın məzənnəsinə ciddi mənfi təsir göstərməyəcək. Belə ki, Azərbaycan valyuta bazarında balansın saxlanması üçün kifayət qədər maliyyə resurslarına və makroiqtisadi manevrlərə malikdir”, - bankın mətbuat katibi Namiq Əliyev “Turan” agentliyinə bildirib.

İqtisad elmləri namizədi Şahmar Ağabalayev isə xatırladır ki, Azərbaycan manatının məzənnəsi ABŞ dollarına və avroya bağlıdır, Türkiyənin pul vahidinə yox.

“Əgər balans profisitdirsə (müsbət), manatın məzənnəsi sabit olacaq”

“Əgər diqqət etdinizsə, son aylar manatın məzənnəsi dollara nisbətən sabit qalaraq avroya nisbətən düşüb. Bu, avronun beynəlxalq valyuta birjalarında dollara nisbətdə məzənnəsinin yüksəlməsi sayəsində baş verib. Manatın məzənnəsi ən çox ölkənin tədiyə balansından asılıdır. Bu, pul vəsaitlərinin bizim ölkədən digər ölkəyə və geriyə ödənişlər şəklində hərəkətidir. Əgər balans profisitdirsə (müsbət), manatın məzənnəsi sabit olacaq. Defisit (minus) balansında manatın məzənnəsi dəyərdən düşə bilər”, deyə,o Azadlıq Radiosuna söyləyib.

İqtisadçı vurğulayıb ki, bu ilin beş ayının yekunlarına görə, ölkənin tədiyə balansı 1,344 mlrd. dollar səviyyəsində defisitlə qeyd edilib: “Hələlik, onlar sabit kursa sadiqdirlər”

“Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2020-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 3,3 mlrd. dollara çata bilər. Amma bizim qızıl valyuta ehtiyatımız 50 mlrd. dollara yaxındır. Odur ki, kəsiri ödəmək hökumət üçün çətin olmayacaq. Hökumətin bəyanatlarından görünür ki, hələlik, onlar sabit kursa sadiqdirlər. Bank əmanətləri məsələsinə gəlincə, burada manatın məzənnəsi ilə yanaşı digər təsiredici amilləri də nəzərə almaq lazımdır”

“Lirənin enməsi manatın məzənnəsinə birbaşa təsir göstərməyəcək”

İqtisadçı Rauf Nəsirov da bildirib ki, Azərbaycanın Türkiyə ilə sıx iqtisadi münasibətlərinə baxmayaraq, manatın lirə ilə heç bir bağlılığı yoxdur:

“Yəni, biz lirə və manata bağlı ixrac-idxal əməliyyatları həyata keçirmirik. Türkiyəyə daxil olan Azərbaycanın ixrac qazı dollarla, həmçinin, bizim Türkiyədən aldığımız qida məhsulları və s. dollarla hesablanır. Lirənin enməsi manatın məzənnəsinə birbaşa təsir göstərməyəcək”

Onun fikrincə, lakin dolayısı ilə lirənin enməsi Azərbaycan vətəndaşlarının iqtisadi maraqlarına təsir göstərəcək:

“Belə ki, onlar lirə-dollar üzrə yeni məzənnədə qazana bilər və Türkiyə bazarında daha çox mal ala bilərlər.Çətinlik ondadır ki, Azərbaycan müəssisələri koronavirusa görə, məhrumiyyətlərə uğrayıblar, həmçinin Türkiyənin müəssisələri. Bu amil manat və lirənin məzənnəsinə zərər verir”. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz