Əbülfəs Qarayevdən XƏBƏRDARLIQ: İslahatlar davam etdiriləcək

Xəbərin çap versiyası
Tarix: 30-05-2017, 17:30
Əbülfəs Qarayevdən XƏBƏRDARLIQ:


Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin işinin təşkili üçün islahatlar davam etdiriləcək.

SİVİL.AZ xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurumun regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.

Ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışan Ə.Qarayev qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdirilir: "Ölkəmizə gələn turistlərin sayının artırılması, onlara göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində vacib tədbirlər görülür. Regional idarələr də yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını artırmalıdırlar".

Nazir əlavə edib ki, regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır. Müşavirədə həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində müvafiq tapşırıqlar verildi.

Regional idarələrin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə etdi ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.

Sonda nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırdı.

Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildirdilər.

Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səsləndi, qarşıda duran vəzifələrin icrası nəzərdən keçirildi, fikir mübadiləsi aparıldı. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri üçün tapşırıqlar verildi. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz