DTX sədri Musiqili Teatrda “999-cu gecə” tamaşasına baxdı
Tarix: 5-06-2017, 14:24
Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev Musiqili Teatrda olub.
Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, general-leytnant Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasını izləyib. Anşlaqla keçən tamaşanı izləyənlər arasında Amerika Birləşmiş Ştatlarından ölkəmizə gələn qonaqlar da olub. “999-cu gecə” böyüklər üçün nağıl-tamaşası bütün izləyicilər tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb. Sonda Dövlət Təhlükəsizlik Xidmətinin sədri, general-leytnant Mədət Quliyev Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə minnətdarlıq edib.
“Çox gözəl bir tamaşa idi. Həm rejissor işi, həm aktyor oyunu çox yüksək səviyyədə idi. Təbii ki, musiqini xüsusi qeyd etmək istərdim. Tamaşada istifadə olunan geyimlər çox zövqlə seçilib. Ümumiyyətlə, teatrınızdakı şərait, ab-hava çox ürəkaçandı. Musiqili Teatrın bütün kollektivinə bu gözəl gecəyə görə təşəkkürümü bildirirəm”, - deyə M. Quliyev bildirib.
Qeyd edək ki, tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Səməd Xasıyev, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Fərid Rzayev və Elməddin Dadaşov ifa ediblər.
Tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər