Türkiyənin məşhur caz qrupu Bakıda konsert verəcək

Xəbərin çap versiyası
Tarix: 7-06-2017, 00:40
Türkiyənin məşhur caz qrupu Bakıda konsert verəcək


İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olunacaq. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə reallaşacaq.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, müşavirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı sakinlərinə yay mövsümü ərəfəsində təqdim olunacaq beynəlxalq caz layihəsində Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edəcək.

İlk olaraq “Önder Focan ve Şalliel Bros” qrupu konsert verəcək.

Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjimançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O, ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə “Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonçu qardaşlar Anil və Batuhan Şalliel iştirak ediblər. Albom ilk olaraq Bakıda təqdim olunacaq.

Daha sonra isə Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Fransa-Belçika caz triosunun – Elçin Şirinov, Linley Marte və Stefan Qallandın konserti baş tutacaq. Tamaşaçılar müxtəlif ifa üslubları ilə tanış olacaq, mədəniyyətlərin unikal musiqi sintezindən zövq ala biləcəklər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz