“Yuğ”da yeni tamaşa - “Səsini unutma”
Tarix: 9-06-2017, 13:05
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivinin hazırladığı yeni tamaşa - “Səsini unutma” adlı səhnə əsərinin premyerası olub.
SİVİL.AZ-ın məlumatına görə, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa rejissor Gümrah Ömərin quruluşunda təqdim olunub. Quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımov olan tamaşada rolları Əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa ediblər.
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, xronometrajı 70 dəqiqə olan tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin Elçisi – sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər