“Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda
Tarix: 22-09-2017, 15:19
Bu gün saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, ötən - 107-ci teatr mövsümünə məhz bu tamaşanın premyerası ilə yekun vurulub. 14-15 iyul tarixlərində iki gün ard-arda nümayiş olunaraq anşlaqa səbəb olan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.
Tamaşada rolları Respublikanın Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlovvə Şaban Cəfərov ifa edirlər.
Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər