Xoşbəxtlik? Cinayət? Yoxsa Cəza? (Və ya yeni tamaşa haqqında həmkar sözü)

Xəbərin çap versiyası
Tarix: 27-10-2017, 11:15
Xoşbəxtlik? Cinayət? Yoxsa Cəza?


Tamaşanın hazırlandığı məkan - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsi
Müəllif - Tamara Vəliyeva
Quruluşçu rejissor - Mehriban Ələkbərzadə (Əməkdar incəsənət xadimi)
Quruluşçu rəssam - Elşən Sərxanoğlu
Musiqi tərtibatı - Ağasəlim Feyzullayev
Rejissor assistenti - Günay Qasımova

Əslində bu tamaşaya da "yaxşıdır" deyib keçmək olardı. Çünki indi yaxşını pisdən seçmək çox qəliz bir məsələdir. Yaranan hər bir işə o qədər "yaxşıdır" deyirlər ki, nəyin pis, nəyin yaxşı olduğunu az qala yadırğayırsan. Lakin üstündən bir neçə gün keçdikdən sonra və yenidən bu tamaşaya baxmaq istəyi sənə rahatlıq vermirsə, deməli artıq bu, doğrudan da yaxşı tamaşadır və ikinci, üçüncü dəfə görmək istəyin yaranırsa, deməli bu, istedaddan və yaradıcı zəhmətdən doğulan görməyə adət etmədiyin bir sənət əsəridir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinə daxil olanda, mən bütün bunlar barədə düşünürdüm. 40 nəfərlik yarıqaranlıq salon, bağlı pərdənin üstünə düşən, qaranlıq səmada axışan ulduzları xatırladan işıqlar... Bir azdan tamaşaçılar yerlərini tutur. Rejissor Mehriban Ələkbərzadənin yaratdığı bu mühit seyirçini tamaşaya hazırlayır. Nils Frahmın, Olafur Arnaldsın, Pedro Bromfmanın, Hans Zimmerin, Armand Amarın, Balmorheanın musiqilərinin üzərində bir tar sızıltısı baş verən hadisələrdən, mətndən tutmuş oyun tərzinə kimi hər şey, dünyanın hər bucağında – hətta havasını udub suyunu içdiyimiz məmləkətimizdə də bu tərzdə olayların yaşandığına bir işarə verir.

Tamaşaçı ovqatı bu tərzdə köklənir. Hər kəs bu qaranlıq səmada sayrışan öz ulduzunu axtarmaq istəyində ikən böyük zövqlə seçilmiş musiqilərin fonunda pərdə yavaş-yavaş açılır. Sonradan məzara, yatağa, əyləncə yerinə çevriləcək sandıq tamaşaçının diqqətini cəlb edir. Sandığın açılması ilə başlanan oyun, (nədənsə bu yerdə “açıldı sandıq, töküldü pambıq” məsələsini xatırladım) əslində 15 il bundan öncə mənən, ruhən dünyaya əlvida demiş Qadının faciəsinin nümayişinin başlanğıc nöqtəsi olur. İçində içini yeyə-yeyə yaşayan bir insanın, həm də Qadın, Ana sayılan bir məxluqun böyük sevgisindən, xəyanətindən və sonda isə cinayətindən doğan iztirabları bir azdan tamaşaçını o qədər silkələyəcək ki, hətta, səni üsyana gətirib çıxaracaq bir tərzdə yerində rahatlıq tapmağa qoymayacaq. Tamaşanın təqdim olunma ritmi, təqdimat tərzi o qədər duyğulu, həyəcanlı başlayır ki, bu barədə danışanda belə həmin duyğulardan kənarda qala bilmirsən.

Xoşbəxtlik? Cinayət? Yoxsa Cəza?


Dramaturq Tamara Vəliyevanın bir oyunçuluq "Cəza" əsərində gördüklərimiz bəlkə də, hər gün eşitdiklərimizin bir inikasıdır. Bu görüb-eşitdiklərimizin bəzisi müzakirə obyektinə çevrilir, bəzisi daha tez unudulur, bəzisi haqqında ümumiyyətlə danışılmır... Amma bu tamaşadakı Qadın haqqında mütləq danışacaqlar. Çünki onu gördükdən sonra haqqında danışmamaq mümkünsüzdür.

Yuxarıda dediyimiz bir oyunçu - əməkdar artist Kəmalə Hüseynova istər gənc tamaşaçılar teatrında, istər Akademik Milli Dram Teatrında, istər ekranlarda yaratdığı obrazlarda hər zaman diqqəti cəlb edir. Bu dəfə isə o tamaşaçı ilə üz-üzə dayanarkən qətiyyətlə "məni görməyə bilməzsən" deyir. Mono tamaşa kimi səciyyələnən oyunda Kəmalə xanım həm Qadın, həm Kişi, həm Sevgili, həm Ana surətlərini o qədər ustalıqla yaradır ki, əslində səhnədə özü görünməyən obrazların bir məcmusunu görürük bu sənətçinin timsalında. Hətta ulu Tanrı ilə dialoq da ilahi təqdimat səviyyəsində qəbul olunur. Dünyanin ən sevimli səsini - uşaq gülüşlərini eşidəndə biz bütöv – xoşbəxt bir ailəni özümüz üçün rəsm edirik və daha sonra bu evin kərpic-kərpic necə dağıldığını gözlərimizlə görürük.

Bütün bunlar isə bir aktrisanın təqdimatındadır. Yox, bu artıq təsəvvür olmur, bu reallıqdır. Rejissorun yaratdığı atmosfer - işıq, səs, hər biri bir hekayənin sözünü deyə biləcək qədər təsirli mizan-səhnələr, böyük dekorları belə əvəzləyərək üstəliyən minimalizm - tək-tək detallar – bəzən Qadının əl-qolunu bağlayan, bəzən körpə bələyinə çevrilən, bəzən Qadının boynundan ağır, dözülməz yük kimi asılan, bəzən də onu xoşbəxt edə biləcək sevgi uçuşunun qanadlarına çevrilən kəndirlər, qiyamət gününün xəbərçisi göydən yağan daşlar, insan timsallı boy-boya verən stullar o qədər oynaq, o qədər canlı görünür ki, sən bu səhnədə bütün iştirakçıları bir-bir hiss edib duya bilirsən - Qadını da, Kişini də, Sevgilini də, Ananı da, hətta nur topası kimi iki körpə balanı da.

Tamara Vəliyevanın təqdim etdiyi Qadın bəlkə də bu həyata milyonların baxdığı pəncərədən baxa bilsəydi, baxmağı bacarsaydı onun da taleyində heç nə dəyişməyəcəkdi. Onun da hər şeyi var - topdağıtmaz evi, güzəranı, başına pərvanə kimi dolanan əri, iki oğul övladı. Başqa nə lazımdı ki, insana? Həm də Qadına?! Sən demə Tanrının bəxş etdiyi bütün bunlar xoşbəxtlik üçün kifayət etmirmiş. Əgər sən xoşbəxt olmadığını düşünürsənsə, sən heç vaxt onu uzaqda axtarma! İnan ki, sən artıq bu gözəl dünyaya gəlişinlə xoşbəxtsən! Bunu dərk et! Və Tanrının sənə bəxş etdiklərinin fərqində ol, xoşbəxtliyini əlində olanların arasında axtar. Onda necə xoşbəxt olduğunu görəcəksən! Amma bu Qadın belə deyil və belə düşünmür. Görəsən, daha nələr lazım imiş bu Qadının xoşbəxt olması üçün? Və o nəsnə nədir ki, Qadın hətta o xöşbəxtliyə çatmaq üçün övladından keçə bilir?

Və yadıma bu yerdə bir dostumun hansısa bir hadisə ilə bağlı bənzətməsi düşür: "İnsan nadir hallarda onu dünyaya bəxş edən valideyni üçün həyatına qəsd edir. Bəlkə də bu heç olmur. Amma sevgisi üçün həyatına qıyanlar hər gün onlarladır. "

Xoşbəxtlik? Cinayət? Yoxsa Cəza?


Bəli, Tanrı hər şeyi qismət etdiyi insan övladına, Qadına üstəlik bir sevgi də bəxş edir. Amma elə bir sevgi ki... Ərini, doğmalarını da üstələyə biləcək xəyanət adlı bir sevgi xoşbəxtlik gətirə bilməz. İnsan bu xoşbəxtlik dənizində mütləq boğulmağa məhkumdur. Aldadırsa, xəyanət edirsə, deməli cinayətə gedir. Böyük Sevgini Cinayət həddinə gətirir. Əgər ulu Tanrı xoşbəxtlik düsturunu sənə heç anlatmayıbsa, nədən sən xoşbəxt olmaq barədə bu qədər düşünürsən? Əgər Tanrı xoşbəxtlik üçün suyu, səmanı, yeri, torpağı, yaşıllıqları, sonsuz sayda sevinc səbəblərini sənə veribsə, sənin istəyin nə?

Bax, "Cəza" tamaşasında məhz bu suallara cavab tapa bilirsən. “Cəza” – qadın xəyanəti haqqında üç QADINın (Tamara Vəliyevanın, Mehriban Ələkbərzadənin və Kəmalə Hüseynovanın) yaratdığı bir fəryaddır. Bir cəzadır! Bənzətməyə şəkk etməyin, onların yaratdığı Qadında sanki Elektradan da, Kleopatradan da, Anna Kareninadan da, hətta Xuramandan da nələrsə var. Amma bu Qadın yenidir. Həm də oxşarlıqları ilə bərabər, saydıqlarımın heç birinə, heç kəsə bənzəmir onların təqdim etdikləri Qadın. Bu onların özününküdür.

Müəllif mətnindən irəli gələrək rejissorun yaratdığı hadisələrin dinamikası o qədər güclüdür ki, aktrisa salonu bütün enerjisi ilə doldurur. Bağlı, kiçik məkanda sən də hadisələrin iştirakçısına çevrilirsən. səndə də az qala baş verənlərə bir müdaxilə hissi yaranır. Zaman, məkan və baş verənlər səni də öz təsirinə elə alır ki, nəfəs çəkməyə də ehtiyat edirsən. Tamaşanın təsir gücü bu qədər qüvvətlidirsə, artıq teatrın uğurundan danışmağa dəyər. Bax, budur yaxşı tamaşa! Ona görə, gəlin, hər şeyə yaxşı deməyək.

Xoşbəxtlik? Xəyanət? İnsanı cinayət həddinə - çatdıra biləcək Sevgi? Dünyanı düşündürən bu çətin sualların cavabını Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində - "Cəza"da axtarın. Çünki tamaşanın müəllifləri - Tamara Vəliyeva da, Mehriban xanım Ələkbərzadə də, Kəmalə Hüseynova da bu tamaşanı İnsana böyük sevgi ilə yaradıblar. Bizə əsil dərs hazırlayıblar. “Cəza”dan doğan dərs.

Əliqismət Lalayev
Rejissor, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz