Musiqili Teatrda İlham Namiq Kamalın iştirakı ilə “Qafqazlı qardaşqızı”

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 12:36
Musiqili Teatrda İlham Namiq Kamalın iştirakı ilə “Qafqazlı qardaşqızı”


Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə nümayiş olunacaq.

SİVİL.AZ
-ın məlumatına görə, Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, bu dəfəki nümayişin özəlliyi Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın tamaşada iştirakı ilə bağlıdır. Belə ki, məşhur səhnə əsərində İlham Namiq Kamal baş rolu – Bəbirli obrazını canlandıracaq. Tamaşanın nümayişi 24 noyabr saat 19.00-da baş tutacaq.

“Musiqili teatrın rus bölməsi tərəfindən hazırlanan bu məşhur operettada ilk dəfə səhnəyə çıxacağam. Bəbirli çox xarakterik bir obrazdır. Kaloritli olduğu qədər də özünəməxsus düşüncə tərzinə malikdir. Rauf Hacıyevin möhtəşəm musiqisi isə şedevrdir. Bir məqamı xüsusi qeyd etmək istərdim, peşəkar aktyor üçün dil faktoru yoxdur. Əsas aktyorun plastikası, məharəti, oynadığı obrazı doğru-düzgün təqdim etmək bacarığına sahib olmasıdır. İnanıram ki, tamaşaçılar mənim ifamda Bəbirlini sevəcəklər”, - deyə İlham Namiq Kamal bildirib.

Qeyd edək ki, beynəlxalq layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmestrləri Əmdar artist Zakir Ağayev və Leyla Ağayevadır.

Tamaşada rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Nicat Əli və Əliməmməd Novruzov ifa edirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz