Avstraliya vətəndaşı yazıçı Yang Hengjun Çində saxlanıb

Xəbərin çap versiyası
Tarix: 27-08-2019, 11:39
Avstraliya vətəndaşı yazıçı Yang Hengjun Çində saxlanıb


Çinin keçmiş diplomatı olan avstraliyalı yazıçı Yang Hengjun Çində casusluqda şübhəli bilinərək saxlanıb.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu ittihamın cəzası ölümdür. Məlumatı Avstraliya hökuməti avqustun 27-də yayıb.

“Dr Yang yeddi aydan çoxdur Pekində ittiham irəli sürülmədən, sərt şəraitdə saxlanır”, – Avstraliyanın Xarici işlər naziri Marise Payne bəyanatında deyib.

Nazirin sözlərinə görə, Çin o vaxtdan yazıçının niyə saxlanmasına izahat verməyib, vəkilləri, yaxud ailə üzvləri ilə görüşə imkan yaratmayıb.

Vəkili Rob Stary deyib ki, Yang-a qarşı ittihamnamədə onun konkret kimin üçün casusluq etdiyi açıqlanmır.

“Ancaq bizə deyirlər ki… bu onun demokratiya fəaliyyəti ilə əlaqədardır”, – Yang-ın vəkili söyləyib.

53 yaşlı Yang demokratiya və insan haqlarını təbliğ edən məqalələrinə görə Çində böyük izləyici auditoriyasına malikdir. Onun son məqalələrində Çin siyasətinə toxunulmasa da, 2000-ci illərin əvvəlində “səyyar demokratiyaçı” ləqəbini qazanıb.

Çindən keçmiş diplomat olan Yang 2002-ci ildə Avstraliya vətəndaşlığı alıb. O, yanvarda Nyu Yorkdan Quanqjou vilayətinə gedəndən sonra itkin düşüb. O zaman Nyu Yorkda Kolumbiya Universitetinə alim kimi dəvət olunaraq çalışırdı.

Human Rights Watch insan haqları təşkilatının Çin üzrə tədqiqatçısı Yaqiu Wang deyib: “Yang-ın işinin detallarını bilməsək də, Çin hökuməti dinc tənqidçiləri “milli təhlükəsizlik” ittihamları ilə təqib etməsilə tanınır”.

Yang-ın həbsi Pekinin yarım muxtar Honq Konq şəhərində demokratiya tələbilə keçirilən etirazları yatırtmağa çalışdığı dönəmə düşür.

Honq Konq lideri Carrie Lam avqustun 27-də bildirib ki, hökumətə qarşı etirazlarda zorakılığın qızışması daha ciddi xarakter alır.

Avqustun 25-də keçirilən sonra etirazda onlarla adam saxlanıb.

Saxlananlar içində 12 yaşlı oğlan var. Saxlananlar qanunsuz toplaşma, silah saxlama, güc əməkdaşlarına müqavimətdə ittiham olunur.

Bir qrup radikal etirazçı isə polis əməkdaşlarına hücum edib.

Honq Konqda etirazlar artıq 12-ci həftəyə keçib. Etirazçılar əvvəlcə şübhəlilərin Çinə ekstradisiya qanununa qarşı çıxırdılar. O vaxtdan 830 nəfər həbs olunub.

Şəhərin başçısı Carrie Lam qanunvericiliyin təxirə salındığını bildirsə də, layihə rəsmən ləğv olunmayıb. Lam istefaya getməkdən də imtina edir.

Etirazçıların tələbləri də genişlənib. Onlar artıq seçki islahatları tələb etməyə başlayıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz