Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?

Xəbərin çap versiyası
Tarix: 1-03-2020, 18:03
Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?


Çinin hansısa bölgəsində havada uçuşan yarasalardan biri elə ordaykən "böyük bayıra" gedib. Koronaviruslu nəcis meşə torpağının üstünə düşüb. Hansısa yer heyvanı, ola bilsin, panqolin xəzəllərin arasında həşərat axtararkən həmin nəcisə toxunub və bu infeksiyaya yoluxub. Beləcə vəhşi təbiətdə dövr etməyə başlayan virus hansısa heyvandan onu tutan insana keçib, həmin insandan da bazar işçilərinə. Beləliklə, qlobal yoluxmanın başlanğıcı qoyulub. Alimlər bunun məhz belə olduğunu sübut etməyə və virus daşıyıcısının məhz hansı heyvan olduğunu tapmağa çalışırlar.

CivilAzerbaijan.com
bildirir ki, Londondakı zoologiya cəmiyyətinin professotu Andrew Cunningham-in sözlərinə görə, bu iş qismən detektivi xatırladır.

O deyir ki, dünyada virus daşıyıcısı olan bir xeyli heyvan növü var. Orqanizmində müxtəlif koronaviruslar olan yarasa da onlardan biridir.

Araşdırmaçılar insan orqanizmindən götürülmüş "Covid-19" koronavirusunun genetik kodunu tapandan sonra yarasalarla bağlı şübhələr artdı. Bütün kontinentlərdə yaşayan bu canlılar böyük sürülərlə və uzaq məsafələrə uçurlar.

Bəs,nə üçün viruslar onların kökünü kəsmir?

London Universitet Kollecinin professoru Kate Jones deyir ki, zədələnmiş DNT strukturnu bərpa etmək bacarığı yarasalarda çox güclüdür; ola bilsin, uzaq uçuşlar üçün tələb olunan böyük enerji sərfiyyatına görə:

"Yəqin ki, onlar orqanizmlərindəki çoxsaylı viruslara həmin enerji sayəsində müqavimət göstərə bilirlər və çox az xəstəlinirlər. Hərçənd bu hələ ki, sadəcə fərziyyədir".

"Yarasaların həyat tərzinə diqqət edəndə aydın olur ki, orqanizmlərində çox sayda müxtəlif viruslar yaşayır. Məməlilər sinfinə aid olmaları isə birbaşa və ya dolayı yolla - digər canlılar vasitəsilə həmin virusları insanlara yoluxdurma ehtimalını artırır" - Nottingem Universitetinin professoru Jonathan Ball belə deyir.

Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?


Koronavirus üçün gəzən inkubator rolunu oynamış və ömrü Uxan bazarında bitmiş heyvan hansı növə aid olub?

Əsas şübhəlilərdən biri panqolindir.

Qarışqalarla qidalanan və gövdəsi pulcuqlarla örtülü olan bu heyvan dünyadakı bütün canlıların hamısından daha çox qaçaqmal hesab olunur və buna görə də nəsli tükənmək üzrədir. Panqolin pulcuqlarından ənənəvi Çin təbabətində istifadə olunur, bəzi insanlar da ətini delikates hesab edirlər.

Çin alimləri panqolinlərin orqanizmində insanlara yoluxmuş koronavirusun özünü yox, oxşarını tapıblar. Gen mutasiyası baş vermiş ola bilərmi? Araşdırmalar hələ yekunlaşmayıb, informasiyalar tam deyil. Ona görə də ekspertlər son qənaətlərini bildirməyə tələsmirlər.

SARS epidemiyasının səbəbkarı müşk pişikləri hesab olunurdu və hökumət onları Sinyan bazarından yığışdırmışdı (2004-cü ilə aid şəkli)
Professor Kanningemin sözlrinə görə, analiz edilən panqolinlərin mənşəyi və sayı böyük əhəmiyyət kəsb edir: "Əgər söhbət təbiətdən tutulmuş bir neçə heyvandan gedirdə, göstəriciləri ciddi qəbul etmək olar. Amma bazardan alınmış bir ədəd panqolin öyrənilibsə, qəti qənaət söyləmək mümkün deyil"

Panqolinləri və yarasaları çox vaxt açıq bazarlarda satırlar.

"Belə yerlərdə patogenlərin bir heyvandan digərinə, ondan da insana keçməsi üçün ideal şərait var" - Andrew Cunningham belə deyir.

Uxan şəhərinin hazırda bağlı olan bazarında həm diri, həm də ölü ov quşları, o cümlədən, dəvə və koala əti satılıb.

"Guardian" qəzetinin yazdığına görə, kiçik bir mağazada aparılmış inventarlaşdırma zamanı orda diri canavar balaları, atəş böcəkləri, əqrəblər, bambuk siçanları, dələlər, müşk pişikləri, salamandralar, tısbağalar və timsahlar aşkar edilib.

Göründüyü kimi, siyahıda panqolin və yarasa yoxdur, ancaq professor Boll deyir ki, hökumət Uxan bazarında hansı heyvanların satıldığını mütləq öyrənəcək:

"Əgər insan bir dəfə koronavirusa yoluxubsa, bunun təkrar baş vermə ehtimalını aydınlaşdırmaq lazımdır. Hansı heyvanın və hansı şəraitdə yoluxdurucu olduğunu, riski hansı faktorların artırdığını öyrənmək vacibdir".

Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?


Son illər böyük hay-küyə səbəb olmuş virusların çoxu bizə heyvanlardan keçib: "Ebola", VİÇ, SARS və nəhayət, koronavirus.

Professor Jones belə epidemiyaların çoxalmasını həm tibbi diaqnoz imkanlarının artması, həm də insanların vəhşi təbiətə müdaxiləsinin artması, landşaftın dəyişməsi və nəticə etibarilə əvvəllər bilinməyən viruslarla təmas hallarının yaranmasıyla izah edir.

Risk faktorlarını öyrənmək ehtiyat tədbirləri hazırlamağa kömək edəcək. Professor Kanningem deyir ki, bu bəzi heyvan növlərinin kütləvi məhvinə gətirib çıxarmamalıdır, çünki hər biri ekosistemdə vacib rola sahibdir. Məsələn, yarasalar təkcə virus yaymırlar, həm də ağcaqanadları və kənd təsərrüfatına ziyan vuran gəmiriciləri yeyirlər; ağacları tozlandırır, toxumlarını yayırlar.

2002-2003-cü illərdə - bugünkünə bənzəyən koronavirusdan yaranmış SARS epidemiyası zamanı vəhşi heyvanların satışına müvəqqəti qadağa qoyulmuş, ancaq Çində, Vyetnamda və Cənub-Şərqi Asiyada tezliklə bərpa edilmişdi.

Çin hökuməti indi də eyni tədbirlərə əl atıb və bəzi məlumatlara görə, bu dəfə qadağalar həmişəlik ola bilər.

Şərqi İngiltərə Universitetinin professoru Diana Bell hesab edir ki, nəticə etibarilə virusun mənbəyi və insanlara yoluxma şəraitini müəyyənləşdirmək mümkün olmasa belə, bu cür fəlakətlərin qarşısını almaq mümkündür:

"Biz müxtəlif ölkələrin və təbii mühitlərin fərqli həyat tərzləri olan heyvanlarını dünyanın bir yerindən o biri yerinə aparırıq, eyni məkanda toplayırıq və beləliklə də infeksiyalar üçün "əritmə qazanı" yaratmış oluruq. Buna son vermək lazımdır". (BBC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz