"Dəlinin qeydləri" "Hərarətli ürək"də göstəriləcək

Xəbərin çap versiyası
Tarix: 10-04-2017, 15:16
"Dəlinin qeydləri" "Hərarətli ürək"də göstəriləcək


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalına hazırlaşır.

SİVİL.AZ xəbər verir ki, Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz N.V. Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası ilə təmsil olunacaq. Həyata keçirilməsinin əsas məqsədi keçmiş teatr ənənələrini yenidən canlandırmaq, müxtəlif teatr məktəblərinin baxış və ideyaları ilə daha yaxından tanış olmaqla təcrübə mübadiləsini təmin etməyi hədəf seçən festival İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N. Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir.

Aprel ayının 17-dən-25-dək davam edəcək festivalda teatrımızla yanaşı, “Sfera” Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N. Ostrovski adına Kineşma Dram Teatrı, M.Y. Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar iştirak edəcəklər.

Festivalda N.V. Qoqol, A.N. Ostrovski, L.N. Tolstoy, A.N. Tolstoy, F.M. Dostoyevski, İ.S.T urgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş etdiriləcək. 9 gün ərzində davam edəcək festivalda 10 səhnə əsəri göstəriləcək.

Məlumat üçün bildirək ki, teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynovun ifasındakı tamaşa artıq bir neçə beynəlxalq teatr festivalında uğurla iştirak edərək xüsusi diplom və mükafatlara layiq görülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz