Azərbaycana gələn toz dumanı ilə bağlı - Xəbərdarlıq
Tarix: 15-03-2017, 17:31
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti meteoroloji şəraitlə bağlı olaraq ötən gecə və bu gün səhər saatlarında Türkmənistandan Azərbaycana toz dumanı gələcəyi barədə xəbərdarlıq edib.
Qeyd edilib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur. Elə isə, Türkmənistan gələn "çağırılmamış qonağ"ın insan sağlamlığı üçün hansı zərərləri var?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Lent.az-a bildirib ki, əvvəlcə ölkəyə daxil olan tozun mənbəyi müəyyən edilməli və toz nümunələri tədqiq edilməlidir.
A.Qeybullanın sözlərinə görə, həmin toz hissəcikləri yerin cazibə qüvvəsi nəticəsində yer atmosferinə daxil olur və bir ölkənin səmasında uzun müddət qalmır: “Toz nümunələrinin nə qədər radioaktiv olub-olmadığı aydınlaşmalıdır. Bu toz külək ya yerin fırlanması nəticəsində öz yerini tədricən dəyişir. Çoxsaylı təbiət faktorları onun öhdəsindən gəlir. Bir hissəsi çökür, bir hissəsi isə səpələnir, yağış yuyub aparır. Toz yer atmosferində uzun müddət qala bilməz”.
A.Qeybulla bildirib ki, toz qatının ağciyər xərçənginə səbəb olduğu da deyilir: “Bunun üçün də tozun tərkibində hansısa radioaktiv elementlərin, yaxud digər konserogen maddələrin olub-olmadığı müəyyən edilməli, radiasiya fonu öyrənilməlidir. Həmin konserogen effekti olan maddələr bronx tellərini mexaniki qıcıqlandırıb ciddi dəyişikliklər törədə bilər. Təbii ki, tək bir amil xərçəng yaratmaq üçün yetərli deyil, amma tozun tərkibində elə radiasion fon ola bilər ki, tənəffüs yollarında irritasiyalar yaradaraq gələcəkdə xərçəng şişinin inkişafı üçün əsas ola bilər. Bundan başqa, gips mənşəli müxtəlif toz hissəciklərinin nəfəs yollarına düşməsi bronxları ciddi şəkildə qıcıqlandırır. Bu da ciddi problemlərə gətirib çıxara bilər. Toz-duman qatı xüsusilə astma xəstəliyi və allergiyası olan insanlara problemlər yaradır. Gözlərində yaz kataraktası olan insanlara bu cür havanın pis təsiri var. Toz hissəcikləri dəridə allergik reaksiyalar da yarada bilər. Tənəffüs yollarında problemi olan insanlar üçün də belə toz daha təhlükəlidir. Hamilə qadınlara və uşaqlara da bu cür hava mənfi təsir edir. Harada toz hissəciyi ilə təmas varsa, orda qıcıqlanma ehtimalı böyükdür. Ona görə insanlar ehtiyatlı olmalıdırlar".
A.Qeybulla belə hallarda insanların maarifləndirilməsinin vacibliyini vurğulayıb: “ Həmin dövr ərzində insan sağlamlığına məsul olan qurumlar xəbərdaredici tədbirlər görməlidir. Həmin gün ərzində açıq havada çox dayanmaq olmaz, tibbi maskalardan istifadə etmək lazımdır. Ağız örtüyü çox vacibdir. Qapı-pəncərələrin bağlı saxlanılmasına diqqət etmək lazımdır. Toz nümunələrinin tənəffüs yollarına daxil olması, nəfəs alma mümkün qədər məhdudlaşdırılmalıdır.
Bu dövrdə insan orqanizminin, eləcə də heyvanların bu tozla təması nə qədər az olsa, tozun zərərverici təsiri də az olar”.
Psixoloq Sona Quliyeva isə deyib ki, belə hava insanların əsəb sisteminə təsir edir: “Havada toz qatı səbəbindən insanların psixoloji durumu pozulur. Belə hava insanların əhval-ruhiyyəsinə ciddi təsir edir. İnsan bu haqda məlumatı olanda “Nə isə olacaq” deyə özünü mənfiyə yükləyir. Belə olan halda isə həmin insana psixoloji olaraq mənfi təsir çox olur. Bu cür hava yorğunluğa səbəb ola, yüksək təzyiqi olan insanlara mənfi təsir göstərə bilər”.
Qeyd edək ki, 2009-cu il iyun ayının son iki günündə də oxşar təbiət hadisəsi olub. O zaman da Türkmənistandan gələn güclü axın bu cür tozlu-çiskinli hava yaratmışdı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər