Moruğun qırmızı giləmeyvələri
Tarix: 2-05-2017, 00:30
Təbabətdə daha çox meyvələrindən, az hallarda isə yarpaqlarından istifadə edilən moruq dərman vasitələrindən biridir, susuzluğu kəsir, dadlı və ətirlidir.
SİVİL.AZ xəbər verir ki, çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə hərarətsalan vasitə kimi istifadə edilir. Moruq bağırsaqların təmizlənməsinə kömək edir, öd və sidikqovucu təsirə malikdir.
Moruq bizim eradan əvvəl IV əsrdən bitki kimi məlum olsa da, onun yetişdirilməsi ilə romalılar məşğul olub. Onu XII əsrdə Rusiyada knyaz Yuri Dolqorukinin vaxtında becərməyə başlayıblar.
Məşhur təbib Pliniy Krit adasında moruğun yabanı kollarını aşkar edəndə ona rast gəldiyi dağın şərəfinə tərcümədə təxminən qırmızı İda mənası verən ad qoyur. Məşhur botanik Karl Linney təsnifat zamanı bitkinin həmin adını saxlayıb. Qədim əfsanəyə görə, çar qızı ilahə Melissa körpəyə dayəlik edərkən moruq dərmək istəyəndə onun tikanları qollarını qanadır. Həmin vaxta qədər ağ rəngdə olan moruğun giləmeyvələri qırmızı rəngə boyanır.
Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Onun 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı meyvədir. Tərkibindəki digər üzvi turşularla yanaşı külli miqdarda salisil turşusu iltihab əleyhinə və qızdırmasalıcı təsir göstərir. Fol turşusunun bolluğuna görə qanazlığı və hamiləlik zamanı da istifadə olunur. Angina və digər boğaz ağrılarında moruğun meyvələrindən hazırlanmış həlimlə qarqara edilir.
Moruğun qırmızı növündən başqa sarı və qara növləri də var. Ən az əhəmiyyətlisi sarı, ən faydalısı isə qara moruqdur, təəssüf ki, ona çox az-az hallarda rast gəlmək olur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər